"Artıq bəzi Avropa ölkələrinin və təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar. Bizim sərhədimizdə qanunsuz olaraq dırnaqarası “Avropa sülh”, ya bilmirəm “müşahidəçi” missiyası yaradılıb, halbuki bu, əldə edilmiş razılaşmanın pozulmasıdır".
"Unikal" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.
"Mən həm Avropa İttifaqına, həm Ermənistana onu da xatırlatmaq istəyirəm ki, 2022-ci ilin Praqa görüşündə razılıq əldə edilmişdir ki, - bəli, biz də razılıq vermişdik, - Ermənistan tərəfində şərti sərhəd istiqamətində kiçik sayda müşahidəçi missiya yerləşsin, cəmi iki, ya üç aya. Yəni, bizimlə bu razılaşdırıldı.
Amma ondan sonra bizsiz bunu uzatdılar, onların sayını artırdılar, oraya Kanadadan nümayəndələr daxil edildi və faktiki olaraq bu missiya NATO missiyasıdır. Ondan sonra bizə qarşı “Binokl diplomatiyası”, deməli, siyasəti aparılırdı. Gecə-gündüz xarici nümayəndələr gəlirdi, binoklla bizə baxırdı.
Nə göstərmək istəyirdilər bizə?! Bu, nə demonstrasiyadır, nə ucuz şoudur?! Bütün bu amillər bizi ciddi düşündürməlidir və təbii ki, düşündürür. Ona görə Ermənistanla normallaşma əgər onlara lazım deyilsə, deməli, bu olmayacaq. Biz hər halda öz mövqeyimizdən bir addım geri atmayacağıq", - deyə dövlət başçısı bildirib.