BMT-nin Uşaq Fondunun (UNİCEF) Nyu-Yorkdakı qərargah binasında təşkilatın Baş Assambleyasının "Yüksək Səviyyəli Həftə"si çərçivəsində COP29 prezidentliyinin təşkilatçılığı ilə "Uşaqların və Gələcək Nəsillərin İqlim Fəaliyyətinin Ürəyinə Yerləşdirilməsi" adlı tədbir keçirilib.
"Unikal" report-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev, COP29-un Azərbaycan üzrə "Gənclər İqlim Çempionu" Leyla Həsənova, UNICEF-in direktor müavini Kitti Van Der Heijden, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin maliyyə məsələri üzrə baş direktoru Danel Violette, üzv dövlətlərin təmsilçiləri, UNICEF-in gənc səfirləri qatılıb.
Tədbirdə çıxış edən M.Babayev uşaqlar və iqlim dəyişikliyi ilə bağlı müzakirələrin vacibliyinə diqqət çəkib. O, qeyd edib ki, uşaqlar iqlim böhranından ən çox təsirlənənlər yaş qrupları arasındadır: "Dünyadakı uşaqların təxminən yarısı iqlim dəyişikliyinin təsirləri üçün son dərəcə yüksək risk altında olan ölkələrdə yaşayır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, iqlim dəyişikliyi nəticəsində yaranan xəstəliklərin 88 %-i beş yaşa qədər uşaqları yaxalayır”.
Nazir qeyd edib ki, COP29 çərçivəsində uşaqlar üçün iqlim maliyyəsi və onları iqlim dəyişikliyinin təsirlərindən qoruyan davamlı sosial infrastrukturun yaradılması Azərbaycan üçün prioritet mövzudur: "Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsinin COP Sədrliyimizin əsas prioritetlərindəndir. Gələcək nəsillər qarşısında öhdəliklərimizi yerinə yetirmək üçün bizə davamlılıq lazımdır. COP29 sədri olaraq UNICEF-in prosesinin rəsmi danışıqlar yolu çərçivəsində irəliləyiş əldə etmək üçün tərəfləri bir araya gətirmək əzmindəyik. Bunun üçün üzərimizə götürdüyümüz məsuliyyəti dərk edirik.
Biz uşaqlar üçün maliyyə çatışmazlığını aradan qaldırmağa kömək edə biləcək çoxtərəfli iqlim fondları kimi tərəfdaşları səfərbər etməliyik. Bu mövzuda gənclərin səlahiyyətləndirilməsi COP29-da bütün tematik günlərdə element kimi nəzərdən keçiriləcək. İnsan inkişafı üzrə yüksək səviyyəli tədbir zamanı biz xüsusi olaraq uşaqlar və gənclərə müraciət edəcəyik. COP29-a hazırlıq çərçivəsində uşaqları iqlim prosesinin mərkəzində necə saxlaya biləcəyimizə dair perspektivləri və həll yollarını eşitməyi səbirsizliklə gözləyirik və birlikdə onları iqlim dəyişikliyinin təsirlərindən qoruyan nəticələri necə təmin edə bilərik".
Tədbirdə çıxış edən UNICEF-in direktor müavini Kitti Van Der Heijden qeyd edib ki, təşkilatın 30 illik tarixində ilk dəfədir ki, iqlim dəyişikliyinin uşaqlara xüsusi və qeyri-mütənasib təsirləri kritik proses çərçivəsində nəzərdən keçirilir və COP29-un gündəm mövzularındadır. O, Azərbaycan hökumətinin bu səpkidə uğurlu bir COP-a ev sahibliyi edəcəyini açıqlayıb.
Tədbirdə müxtəlif ölkələrdən, eyni zamanda Azərbaycandan olan UNICEF-in gənc səfirləri öz ölkələri ilə bağlı işaqların üzləşdiyi iqlim böhranları ilə bağlı fikir və düşüncələrini bölüşüblər.