Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dövlət tərəfindən xüsusi diqqət yetirilir və bu sahələrin daha da inkişafı prioritet istiqamətlərdəndir. Son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir. Mövcud istehsal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsi ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması üzrə işlər uğurla həyata keçirilir. Düzgün aparılmış islahatlar nəticəsində ölkəmizdə istehsal edilən müdafiə təyinatlı məhsulların çeşidi artırılmışdır və bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Həm Azərbaycanın Silahlı Qüvvələri müasir silah növləri ilə təchiz edilir, həm də dünya ölkələrinin müdafiə sənayesi şirkətləri istehsal etdiyimiz məhsullarla yaxından maraqlanırlar.
"Unikal" xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına ünvanladığı məktubunda yer alıb.
Bir çox dost və müttəfiq dövlətlərlə müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlar qurulduğunu və mövcud əlaqələrin uğurla davam etdirildiyini diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan müdafiə sənayesi sahəsində dinamik inkişafa nail olmaqla hərbi-texniki imkanlarını genişləndirir.
Prezident İlham Əliyev bildirib ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərimizin işğaldan azad edilməsində müstəsna rol oynamış Azərbaycan hərbi sənaye kompleksinin gücü və qüdrəti, ölkəmizdə istehsal olunan müasir silahlar da “ADEX” sərgisi çərçivəsində nümayiş olunur. Təsadüfi deyil ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də lokal xarakterli antiterror əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində bu gün diqqətlə öyrənilir.
“ADEX” ilə paralel olaraq, hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirən “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin də keçirildiyini bildirən Azərbaycan Prezidenti bu sərgidə nümayiş etdirilən məhsulların da iştirakçılar tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib.