Sentyabrın 26-da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib.
"Unikal" xəbər verir ki, Ali Məclisin növbəti çağırışının ilk iclasını ən qocaman deputat Ramiz Məmmədov aparıb.
İclasda Ali Məclisin Hesablayıcı komissiyasının yaradılması barədə məsələyə baxılıb. Ramiz Məmmədov Hesablayıcı komissiyanın tərkibini oxuyub, səsə qoyularaq qəbul edilib.
Deputatlardan Rafiq Novruzov komissiyanın sədri, Canməmməd Canməmmədov komissiyanın katibi, Gülxarə Əhmədova, Xəzəngül Orucova və Həbibə Allahverdiyeva komissiyanın üzvləri seçiliblər.
Sonra Ali Məclis sədrinin seçilməsi məsələsinə baxılıb, Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənmədiyi üçün Ali Məclisin sədr müavinlərinin seçilməsi məsələsinin müzakirəsinə başlanılıb.
Ali Məclisin sədri seçilmədiyindən təklif üçün söz deputatlara verilib. Deputat Əjdər Əliyev Ali Məclis sədrinin birinci müavini vəzifəsinə 41 saylı Ordubad şəhər seçki dairəsindən deputat seçilmiş Məmmədov Bəxtiyar İbrahim oğlunun namizədliyini irəli sürüb.
Təklif səsə qoyularaq qəbul edilib, Məmmədov Bəxtiyar İbrahim oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini seçilib.
İclası davam etdirən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov növbəti məsələnin Ali Məclis sədrinin müavininin seçilməsi olduğunu bildirib.
Deputat Ülkər Bayramova Ali Məclis sədrinin müavini vəzifəsinə 42 saylı Aşağı Əndəmic seçki dairəsindən deputat seçilmiş Abdullayev Arzu Kamal oğlunun namizədliyini irəli sürüb.
Səsvermə nəticəsində Abdullayev Arzu Kamal oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini seçilib.
Bununla da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası başa çatıb.