"Türkiyə Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə olunması üçün səy göstərir. Biz qonşu ölkələr arasında sabitlik və mehriban qonşuluq mühitinin tezliklə təmin olunmasının tərəfdarıyıq".
"Unikal" xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında onu müşayiət edən jurnalistlərlə söhbətində deyib.
Türkiyə lideri bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda keçirilən görüşdə Ankaranın Azərbaycanla sülh müqaviləsinin tezliklə bağlanmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. “Türkiyə artıq bunun üçün çalışır. Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında problemləri həll etməklə və çətinlikləri aradan qaldırmaqla biz yeni yola çıxacağıq”, - deyə siyasətçi bildirib.
Türkiyə prezidenti Azərbaycanın sülh gündəmini dəstəklədiyini vurğulayıb. “Ermənistandan da oxşar yanaşmanın şahidi olduq. Türkiyə isə öz növbəsində hesab edir ki, sülh mühiti bütün tərəflərin maraqlarına cavab verəcək, Bakı və İrəvan üçün yeni imkanlar pəncərəsi açacaq”, - Türkiyə lideri qeyd edib.
Dövlət başçısı Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət yekunlaşmasının Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına təkan olacağına əminliyini bildirib.