Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən cinayətkarlığa, o cümlədən onun ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət beynəlxalq əməkdaşlıq müstəvisində də davam etdirilməkdədir. Bu çərçivədə cari il sentyabrın 24-27-də Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Antikorrupsiya Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) 5-ci Plenar Görüşü keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən "Unikal"a bildirilib ki, dünyanın 100-dən artıq ölkəsinin, 10-dan çox beynəlxalq təşkilatın 400-dən artıq nümayəndəsinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov və böyük prokuroru Əflatun Hüseynov təmsil edib.
Plenar görüşün işi Yüksək Səviyyəli Forum, ölkə təqdimatları, yan iclaslarla davam etdirilib, təşkilatın idarəetmə orqanına seçkilər keçirilib, habelə GlobE Şəbəkəsinin 2023-cü il üzrə hesabatı, 2025-2027-ci ilər üzrə Strateji Planı və Pekin Razılaşması sənədləri müzakirə olunaraq qəbul edilib.
Tədbirin mövzusuna uyğun olaraq təqdimatla çıxış edən nümayəndələrimiz milli təcrübəyə istinad etməklə beynəlxalq təşkilatla qeyri-formal şəkildə baş tutmuş qarşılıqlı hüquqi yardımın konkret cinayət işinin ibtidai istintaqına töhfəsindən bəhs ediblər.
Daha sonra BMT-nin “Təmiz İpək Yolu Pekin Təşəbbüsü” yanında Antikorrupsiya şəbəkəsi tərəfindən “Təşəbbüsə qoşulmuş ölkələrdə xarici investisiyanın cəlb edilməsinə təşviq edən korrupsiyasız mühitin formalaşması” mövzusunda keçirilən yan tədbirdə çıxış edən nümayəndələrimiz Azərbaycanda investisiyayönümlü biznes mühitinin daha da gücləndirilməsi istiqamətində ölkəmizdə iqtisadi islahatların antikorrupsiya tədbirləri ilə dəstəklənməsinə dair görülmüş işlər barədə iştirakçıları məlumatlandırılıb, bu məzmunda “Ələt azad iqtisadi zonası haqqında” Qanunun qəbul edilməsi, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Dövlət satınalmaları haqqında” qanunların isə beynəlxalq standartlara tam cavab verən məzmunda yenilənməsi kimi nailiyyətlərdən nümunələr gətiriblər.
Həmçinin GlobE-şəbəkəsinin Plenar görüşündə bu təşkilatın 15 üzvdən ibarət icraiyyə komitəsinə keçirilmiş seçkilər nəticəsində Natiq Eyvazov idarəçilik orqanına üzv təyin edilib.
Tədbirin sonunda BMT-nin Antikorrupsiya Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) növbəti - 6-cı Plenar Görüşünün 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə yekdilliklə qərar qəbul edilib.