"Bizim gündəmimiz sülhü bərqərar etməkdir və biz bunu çox ciddi şəkildə edirik".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan "Azatutyun" radiosuna verdiyi müsahibədə deyib.
Simonyan qeyd edib ki, Ermənistanın hücuma hazırlaşması ilə bağlı məlumatların reallıqla heç bir əlaqəsi yoxdur.
O, jurnalistin "İstanbulda keçirilən “3+3” formatlı görüşdən sonra Rusiyanın xarici işlər naziri bəyan etdi ki, regional üçlük (Rusiya, Türkiyə, İran) Ermənistan və Azərbaycana həmin platformada sülh müqaviləsi danışıqlarını yekunlaşdırmağı təklif edib. Ermənistanın mövqeyi necədir?" sualına belə cavab verib: "Bu, bir neçə saat əvvəl oldu və məncə, bu, indi cavab verə biləcəyim sual deyil. Xüsusən də bu, təkcə mənim sahəmdə deyil. Düşünürəm ki, biz bu variantı nəzərdən keçirəcəyik. Düzünü desəm, artıq razılaşdırılmış məqamlarımız üzrə razılığa gəlmək üçün mövcud olandan başqa formata nə üçün ehtiyacımız olduğunu başa düşmürəm".
Spiker Zəngəzur dəhlizi ilə bağlı verilən suala cavabında deyib ki, İstanbulda bu barədə danışıb: "Mən “Zəngəzur dəhlizi”ndən danışdım. Mən dedim ki, lütfən, mən sizi bu məntiqdən istifadə etməməyə çağırıram, çünki erməni tərəfi üçün bu, Azərbaycanın Ermənistana hücumu deməkdir. Hesab edirəm ki, söhbətimiz uğurlu alındı. Mən orada təkrarladım ki, biz həmişə deyirik ki, biz bütün kommunikasiyaları açmağa hazırıq və açmaq istəyirik, lakin “dəhliz”in təklif etdiyi şərt və hər şey erməni tərəfi üçün qəbuledilməzdir və məqbul ola bilməz".
O, həmçinin deyib ki, siyasi iradə olsa, bu gün sülh müqaviləsini imzalamaq mümkündür: "Elə məsələ var ki, onu müzakirə etmək olmaz, məsələn, dəhliz məsələsi bizim qırmızı xəttimizdir. Konstitusiya məsələsinə gəlincə, mən hesab etmirəm ki, biz qərar qəbul etməli olduğumuz məqama çatmamışıq. Demişik ki, həll yolu budur".
Ağarza Elçinoğlu