Zəngəzur tarixi ilə bağli ingilis dilində nəşr olunan kitab Almaniya kitabxanasına rəsmi olaraq qəbul edilib.
"Unikal" xəbər verir ki, bu barədə Almaniyada yaşayan diaspora fəalı Mehman Rzayev məlumat verib.
Əməkdar jurnalist, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının professoru Şəlalə Həsənovanın müəllifi olduğu ingilis dilində çap edilən “Historical and ethnographic panorama of Zangezur on the archive documents background” (Zəngəzurun arxiv sənədləri fonunda tarixi və etnoqrafik panoraması) kitabda Zəngəzurun tarixi ilə bağlı müfəssəl məlumatlar yer alıb.
Müəllifin sözlərinə görə, Rusiya, Gürcüstan və Ermənistanın milli arxivlərindən əldə edilmiş arxiv sənədlərinin əsasında işi üzü görən faktlar Qərb siyasi və akademik dairələri üçün təkzibolunmaz elmi baza mənbəyidir.
Bundan başqa Zəngəzur haqqında nəşr edilən fundamental əsərdə ilkin inzibati dəyişikliklərin göstərilməsi, türk mənşəli tayfaların, minbaşılıqların təsviri, köçürülmüş ermənilərin azərbaycanlılara qarşı əsassız məhkəmə iddiaları, Comərdli kəndi və Sisian mahalı haqqında maraqlı məlumatlar, 1832 və 1873-cü illərdə ermənilərin Zəngəzura köçürülməsi barədə tarixi faktlar mühüm əhəmiyyət kəsb edir.
Professorun sosial şəbəkə üzərindən xaricdə yaşayan azərbaycanlılara kitabın yayılması ila bağlı etdiyi çağırışa Almaniyada yaşayan "Alman-azərbaycan Mədəniyyət Cəmiyyəti"nin rəhbəri Mehman Rzayev qoşulub.
Həmyerlimizin təşəbbüsü ilə kitab Almaniyanın Leipzig şəhərində yerləşən Albertina kitabxanasına təqdim edilib.
Zəngəzur tarixi ilə bağlı kitabın kitabxana fonduna rəsmi qəbul edilməsi təsdiqlənib.
Həsən Babayev