Kolumbiyada polis italyan mafiyasının liderlərindən biri, dünyanın ən çox axtarılan narkotik tacirlərindən biri hesab edilən Qustavo Nocellanı saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Kolumbiyanın polis rəisi Vilyam Rene Salamanka "X" sosial şəbəkəsində bildirib.
"Bilyard masası İtalyan mafiyasının yeni xaç atası olduğunu ortaya qoydu. Biz Medellində dünyanın ən çox axtarılan narkotik tacirlərindən birini - Hermes ləqəbli italyan Qustavo Nocellanı tutduq",- Salamanka yazıb.
Onun sözlərinə görə, Nocellu De Micco, Amato-Paqano, Rinaldi-Formicola klanları ilə Cənubi Amerika mafiyası arasında əsas əlaqədir.
Salamanka vurğulayıb ki, yerli polis Aİ polis xidməti ilə əməkdaşlıq edərək, İtaliya polisi, eləcə də Britaniya hakimiyyəti Nocellanın Kolumbiyada olduğunu müəyyən edib.
Bildirilir ki, narkotik alverçisi üç aydan bir bir mənzildən digərinə köçsə də, bilyard stolunu özü ilə aparıb. Qeyd olunur ki, bu, onun saxlanacağı yeri dəqiq müəyyən etməyə kömək edib.
Gülayə Mecid