Bakı Mühəndislik Universiteti (BMU) Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri, professor Rakib Əfəndiyevin baş redaktoru olduğu “Journal of Contemporary Applied Mathematics” jurnalı dünyanın nüfuzlu elmmetrik bazası olan “Scopus”a daxil edilib (https://journalcam.com/).

"Unikal" xəbər verir ki, BMU-nun adıçəkilən kafedrası tərəfindən nəşr olunan jurnalın geniş beynəlxalq auditoriyaya malik “Scopus” indeksləşmə bazasına daxil olması təkcə universitetin akademik inkişafı və tədqiqatların keyfiyyətinin artırılması baxımından deyil, eyni zamanda Azərbaycan elminin dünya elminə inteqrasiyası cəhətindən də mühüm əhəmiyyət daşıyır. 

“Scopus” jurnalda yer alan məqalələrin böyük oxucu kütləsinə əlçatanlığını təmin etməklə yanaşı, məqalələrin daha çox sitata alınma şansını artırır, eyni zamanda jurnalın və müəlliflərin tədqiqatlarının geniş  tanınmasına kömək edir. Bu elmmetrik bazadan bütün dünya üzrə müəllimlər, tədqiqatçılar, tələbələr və mütəxəssislər elmi işlərini araşdırmaq, sitatlama statistikasını izləmək və yeni elmi məlumatları tapmaq üçün istifadə edirlər. 

Vurğulamaq vacibdir ki, milli elmi jurnalların beynəlxalq elmi bazalara daxil edilmək üçün tələb olunan kriteriyalara cavab verməsi əsas şərtdir. Bura jurnalın dünya standartlarına uyğunluğu, ingilis dilində yayınlanması, redaksiya heyətində istər ölkə daxilində, istərsə də xaricdə tanınan, akademik profil səhifələri, beynəlxalq elmi axtarış sistemlərinə çıxış imkanları olan alimlərin təmsil edilməsi, çapının müntəzəmliyi kimi mühüm meyarlar daxildir.