Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə media-tur təşkil edib.
"Unikal" xəbər verir ki, media nümayəndələrini DSX-nin Sahil Mühafizə rəisi, general-leytenant Müzəffər Pirizadə qarşılayıb.
Öncə DSX-nin Sahil Mühafizəsi rəisi, media nümayəndələri xidmət ərazisində şəhidlərin əbədi xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbir dəyirmi masa arxasında davam edib.
General-leytenant M.Pirizadə Sahil Mühafizəsinin tarixi və fəaliyyəti barədə media nümayəndələrinə ümumi məlumat verib.
O qeyd edib ki, Sahil Mühafizəsi hava şəraitindən asılı olmayaraq fasiləsiz olaraq xidmətini davam etdirir:
“Sahil Mühafizəsi beynəlxalq tədbirlərdə iştirak edir və Xəzəryanı ölkələrlə əməkdaşlığı davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində xidmətin gəmiləri müasir standartlara cavab verir və dənizdə istənilən çağırışa çevik müdaxilə edə bilir”.
Daha sonra media nümayəndələri DSX-nin Sahil Mühafizə Baş Komanda İdarəetmə Mərkəzində olub. Media nümayəndələrinə Xəzərdə üzən, qayda pozan, GPS və radar sistemlərini bilməyərəkdən və ya qəsdən pozan gəmilərlə əlaqə qurulması yolları izah edilib.
Eyni zamanda, jurnalistlər burada Dəniz Muzeyini ziyarət edib, eksponatlarla tanış olublar.
Həmçinin media nümaydələri Təlim Tədris Mərkəzində olub, tədris prosesini izləyib. DSX-nin Sahil Mühafizəsi rəisi, tədris olunan fənlər, metodika, eləcə də tədris zamanı istifadə olunan texnika və avadanlıqlar barəsində məlumat verib.
Daha sonra media nümayəndələrinin DSX-nin sahil mühafizə gəmiləri ilə dənizə səfəri baş tutub. Burada sahil mühafizə gəmiləri manevrlərlə müvafiq tapşırıqlar icra ediblər.
Daha sonra "Şahdəniz" yatağının ərazisinə səfər edilib. Burada yerləşən neft-qaz platformalarına vizual baxış keçirilib. Bildirilib ki, Sahil Mühafizəsi Xəzər dənizində Azərbaycan Respublikasına mənsub neft-qaz infrastrukturunun mühafizə və müdafiəsini etibarlı şəkildə təşkil edir, təhlükəsizlik tədbirlərini ən yüksək səviyyədə həyata keçirir.
Səfər zamanı Sahil Mühafizəsinin müvafiq şöbəsinin rəis müavini, lll dərəcəli kapitan Ə. Məmmədzadə jurnalistlərə bildirib ki, hazırda üzərində durduğumuz gəmi Sahil Mühafizəsinin ll dərəcəli “Tufan” gəmisidir:
“Gəmi Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında DSX-nin Sahil Mühafizəsi bazasında Gəmi inşası və təmiri zavodunda hazırlanıb. 15 dekabr 2015-ci ildə istifadəyə verilərək suya buraxılıb. Gəmi qarşıya qoyulan tapşırıqları yüksək manevr qabiliyyəti və dözümlülük hesabına tez bir zamanda yerinə yetirmək bacarığına malikdir, həmçinin son texnoloji avadanlıqlarla təmin olunub. Gəmi ən son aşkaretmə qurğuları, rabitə cihazları, artirelliya raket sistemi ilə təhciz edilib”.
Anar Kəlbiyev