Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Tibb Universiteti (ATU) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
"Unikal" xəbər verir ki, memorandumu BDU-nun rektoru Elçin Babayev və ATU-nun rektoru Gəray Gəraybəyli imzalayıb.
İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, hər iki universitet yüksək səviyyədə əməkdaşlıq etmək, birgə tədqiqatlar aparmaq üçün kifayət qədər elmi, kadr potensialına, infrastruktura sahibdir: “Hər iki universitetin əsas qayəsi ölkəmizin inkişafına töhfə verməkdir. 1919-cu ildə BDU fəaliyyətə başlayanda onun ilk fakültələri məhz Tarix-filologiya və Tibb fakültələri olub. Məhz həmin Tibb fakültəsinin bazasında yaranan Azərbaycan Tibb Universiteti hazırda yüksək sürətlə inkişaf edir, yeniliklərə imza atır. Bu əməkdaşlıq çərçivəsində tətbiq xarakterli müxtəlif elmi tədqiqatlar həyata keçiriləcək. Bununla yanaşı, yeni nəsil elmi cihazlardan birgə istifadə, professor-müəllim heyətinin hər iki universitetdə tədris prosesinə cəlb olunması da nəzərdə tutulur”.
ATU-nun rektoru Gəray Gəraybəyli əməkdaşlıq memorandumunun imzalanmasının hər iki universitetin, tədqiq edilən elm sahələrinin inkişafına və əhalinin rifahına xidmət edəcəyini bildirib. O qeyd edib ki, tibb elmi dünyada ən sürətlə inkişaf edən sahələrdəndir. Xüsusilə nanotexnologiya, biotexnologiya, genetik tədqiqatlar, tibbi biologiya, əczaçılıq, dərman preparatlarının hazırlanması, gigiyena, qida təhlükəsizliyi kimi sahələr bu memorandumun əsas tədqiqat predmeti olacaq.
Qeyd edək ki, memorandum hər iki universitetin elmi-tədqiqat imkanlarını genişləndirmək, regional və qlobal səviyyədə təsir gücünü artırmaq, multidissiplinar tədqiqatlar və innovasiyalar vasitəsilə yeni elmi nəticələr əldə etmək, tədris proqramlarını yeniləmək, tibb və biomühəndislik sahələrində birgə elmi nailiyyətləri praktiki sahəyə tətbiq etmək, texnologiyaların transferi ilə yeni məhsul və xidmətlər yaratmaq, tələbə və müəllim mübadiləsi proqramları, təlim və təcrübəkeçmə vasitəsilə insan kapitalının inkişafına töhfə vermək, biologiya və tibb sahələrində yeni araşdırmalar aparmaq, əhalinin sağlamlığını qorumaq üçün sosial layihələr həyata keçirmək və səhiyyə sahəsində müasir yanaşmaları təşviq etmək məqsədi daşıyır.
BDU və ATU tibbi-bioloji elmlər, biotexnologiya, biotibbi materiallar, nanotexnologiyalar və digər sahələrdə birgə tədqiqatlar və layihələr həyata keçirəcək, tələbələr və akademik heyət üçün mübadilə proqramları təşkil edəcək, təhsilalanların təcrübə mübadiləsi və staj keçməsi üçün şərait yaradacaqlar. Memorandumda iki ali məktəbin tədris proqramlarının yenilənməsi və təkmilləşdirilməsi, yeni ixtisas və fənlərin inkişafı, tibb və təbiət elmləri üzrə müasir təhsil metodlarının tətbiqi, tibbi-bioloji elmlər sahəsində beynəlxalq və regional səviyyəli birgə elmi tədbirlərin təşkil olunması da nəzərdə tutulur. Tibb və biomühəndislik sahələrində innovativ həllərin elmi-tədqiqat və sənaye sahələrinə transferi üzrə birgə işlərin aparılması, müasir laboratoriyalar və tədqiqat mərkəzlərinin yaradılması, hər iki universitetin elmi potensialının birləşdirilməsi də memorandumun məqsədləri sırasındadır. BDU və ATU ictimai səhiyyə, tibbi profilaktika, əhalinin sağlamlıq problemləri ilə bağlı maarifləndirici tədbirlər keçirəcək, biotibbi materiallar, gen mühəndisliyi və biomexanika üzrə innovativ tədqiqatları təşviq edəcəklər. ATU-nun tibbi infrastrukturu və klinik bazalarından istifadə etməklə BDU-da aparılan bioloji və tibbi tədqiqatların klinik səviyyədə sınaqdan keçirilməsi, yeni dərman vasitələrinin hazırlanması, test edilməsi və onların kommersiyalaşdırılması üçün birgə tədqiqatların aparılması, farmakologiya və biotexnologiya sahələrində yeniliklərin tətbiq olunması da nəzərdə tutulur. Tərəflər həmçinin insan sağlamlığına təsir edən ekoloji amillərin tədqiqi, qida təhlükəsizliyi, təbii resursların idarə olunması, ekoloji tibb, bioetika üzrə birgə layihələr həyata keçirəcəklər.