Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) AMEA-nın həqiqi üzvü, riyaziyyat elmləri doktoru, professor, Azərbaycan SSRİ Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi Cəlal Allahverdiyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
"Unikal" xəbər verir ki, sessiya AR Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə baş tutub. Hibrid formatda keçirilən tədbirdə institutun rəhbərliyi, alim və mütəxəssislər və dəvət olunmuş qonaqlar iştirak ediblər.
İclası giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov qonaqları salamlayaraq bu qəbil mötəbər tədbirlərin keçirilməsinin önəmini qeyd edib. Elmi sessiyanın AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının 29 may 2024-cü il tarixli qərarına əsasən baş tutduğunu bildirən Ə.Abbasov dünyaşöhrətli alim, akademik Cəlal Allahverdiyevin zəngin elmi irsi və şəxsi keyfiyyətləri barədə söz açıb.
Qeyd edib ki, Allahverdiyev Cəlal Eyvaz oğlu 17 sentyabr 1929-cu ildə Şuşa şəhərində anadan olub. 1946-cı ildə məktəbi gümüş medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) qəbul olub, 1951-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək akademik Mstislav Keldışın təklifi ilə Moskva Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirib. O, 1957-ci ildə Moskva Dövlət Universitetində namizədlik, 1968-ci ildə SSRİ Elmlər Akademiyasının Tətbiqi Riyaziyyat İnstitutunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. C.Allahverdiyev 1969-cu ildə professor elmi adı alıb, 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.
Ə.Abbasov dəyərli alim C.Allahverdiyevin Azərbaycan elminin inkişafı, dünya elmi ilə inteqrasiyası istiqamətində bəxş etdiyi töhfələrdən söz açıb. Qeyd edib ki, C.Allahverdiyevin əsas elmi tədqiqat istiqamətləri funksional analiz, stoxastik və determinik idarəetmə nəzəriyyəsi, operator tənliklər nəzəriyyəsi, iqtisadi proseslərin modelləşdirilməsi, kompüter proseslərinin araşdırılması və modelləşdirilməsi kimi məsələlərə həsr olunmuşdur.
Görkəmli alimin yüksək insani keyfiyyətləri barədə danışan akademik onun gənclərin elmə cəlb olunması, istedadlı kadr kimi yetişdirilməsində misilsiz xidmətlərindən və zəngin elmi məktəbindən bəhs edib.
Ə.Abbasov çıxışının sonunda 1970-1988-ci illər ərzində Kibernetika İnstitutuna (indiki İdarəetmə Sistemləri İnstitutu) rəhbərlik edərək elmi müəssisənin tarixində müstəsna xidmətləri ilə seçilən dəyərli alim, akademik Cəlal Allahverdiyevin əziz xatirəsinin daim qəlblərdə yaşayacağına əminliyini ifadə edib.
Daha sonra digər tədbir iştirakçıları çıxış edərək C.Allahverdiyevin müstəsna xidmətlərindən bəhs ediblər.
London Kraliça Meri Universitetinin professoru, r.e.d. Mixail Farber, Türkiyənin İşık Universitetinin Riyaziyyat kafedrasının müdiri, r.e.d., professor Elman Həsənov, Şimali Kipr Doğu Akdeniz Universitetinin Riyaziyyat kafedrasının professoru, r.e.d. Ağamirzə Bəşirov, Riyaziyyat kafedrasının müdiri, r.ü.f.d., professor Nazim Mahmudov, BDU-nun Funksional analiz kadefrasının müdiri, professor Əli Əhmədov, İSİ-nin laboratoriya müdiri, professor Knyaz Məmmədov və r.ü.f.d., dosent Ələkbər Bağırov çıxış edərək C.Allahverdiyevin elmi və pedaqoji fəaliyyəti və nəcib insani keyfiyyətlərindən söz açaraq öz xatirələrini bölüşüblər.
Sonra C.Allahverdiyevin oğlu Eyvaz Allahverdiyev çıxış edərək mərhum alimin 95 illik yubileyinə həsr olunmuş yüksək səviyyəli tədbirin keçirilməsinə görə İSİ rəhbərliyinə xüsusi təşəkkürünü ifadə edib, öz xatirələrini bölüşüb.
Tədbirin sonunda R.Əliquliyev çıxış edərək dəyərli alim C.Allahverdiyevin daim qəlblərdə yaşayacağını qeyd edib, onun elmi irsinin təbliği istiqamətində təkliflərini səsləndirib.
Sonra akademik C.Allahverdiyevin ailə üzvlərilə xatirə şəkli çəkilib.