Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam etdirilir.
"Unikal" xəbər verir ki, aksiyada Milli Məclisin deutatları da iştirak edib. Samux Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq keçirilən növbəti ağacəkmə aksiyası Ziyadlı və Sərkar kəndlərinin inzibati ərazisində, Samux-Kür yolunun kənarında təşkil olunub.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Milli Məclisin deputatları Mübariz Qurbanlı və Müşviq Cəfərov, şəhid ailələri, qazilər, RİH-nin əməkdaşları, idarə müəssisə və təşkilatların kollektivləri, eləcə də gənc könüllülər avtomobil yolunun kənarına yerli iqlim şəraitinə uyğun gələn 3 min ədəd xan çinarı,şam, sərv ağacları, oleandr və bəzək gül kolları əkiblər.
Aksiya çərçivəsində əvvəl əkilən ağac tinglərinə aqro-texniki qulluq göstərilib və yenidən suvarılması təmin edilib. Qeyd edək ki, son 7 gün ərzində Samux rayonunda 12 minədək xan çinarı, şam, sərv ağaclarının tingləri, oleandr və bəzək gül kolları əkilib. Əkilən ağacların suvarılması üçün müasir damcılı suvarma sistemi çəkilib.