Bu gün "Report" İnformasiya Agentliyi 10 yaşını qeyd edir.
"Unikal" xəbər verir ki, Azərbaycanın media sferasında mühüm rol oynayan "Report" İA son 10 il ərzində ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq geniş oxucu auditoriyasının rəğbətini qazanıb.
2014-cü ildə fəaliyyətə başlayan və hazırda "Global Media Group" şirkətinin tərkibinə daxil olan "Report" İA qısa müddətdə böyük uğurlara imza atıb. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdə ölkə və dünya gündəmini operativ şəkildə işıqlandırır.
Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, videoreportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.
Həmkarlarımızı yubileyləri münasibətilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!