Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə 181 vətəndaşdan sertifikat və işə düzəltmək adı ilə 52 min manat pulu ələ keçirən, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən Kərimov Toğrul Məmmədrəhim oğlunun məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Toğrul Kərimov özünü "Tik-Tok" sosial şəbəkəsində "Arif Kalkavan- AKO" MMC və "Alkoe Group" adlı dənizçilik şirkətinin Bakı nümayəndəliyinin rəhbəri kimi təqdim edərək şəhərin bir neçə yerində ofislər icarəyə götürərək işə düzəltmə ilə məşğul olub. Bu məqsədlə bir neçə qızdan müəyyən məbləğlərdə pul alaraq onlara gələcəkdə yüksək maaşlı iş təklif edərək ilkin olaraq onları ofisdə işlə təmin edib.
Məhkəmədə zərərçəkən qismində dindirilən Nağıyeva Nigar Seyran qızı həm də Toğrul Kərimovun Rəsulzadə qəsəbəsində yerləşən ofisində əsas işlərini görən şəxs kimi tanınıb: "Əvvəllər mütəmadi olaraq işə düzəlmək istəyənlər gəlirdi və hamısına rəsmi olaraq 800 manatlıq iş vəd verirdi".
Qeyd edək ki, həmin ofisdə işə düzəlmək adı ilə vətəndaşlardan təxminən 15 min manatdan çox pul yığılıb ki, onun da 9120 manatı Nigar xanımın bank kartına köçürülüb və sonra Nigar xanımda həmin məbləği Toğrul Kərimova çatdırıb.
Digər zərərçəkən Famil Cəfərov Toğrul Kərimovu 1-ci dəfə gördüyünü bildirdi: "Mən ehtiyatda olan zabitəm. Dostumla birgə getdik ofisə, orada Ülviyyə xanım Məhəmmədova bizə dedi ki, sertifikat alacaqsınız və həmin sertifikatla dənizdə mühafizəçi işləyə biləcəksiniz. Orada 430 manat pul verdim, jurnala da qol çəkdim. Ülviyyə xanım bizə demişdir ki, Toğrul Kərimov layihənin rəhbəridir".
Təqsirləndirilən Toğrul Kərimov zərərçəkənə belə bir sual ünvanladı: "Məni görməmisən, məni tanımırsan, məndən şikayətin var?".
Sonra hakim Vüqar Quliyev Famil Cəfərovun ibtidai istintaqa verdiyi ifadəsini elan etdi. Məlum oldu ki, Famil Cəfərli ibtidai istintaqda Toğrulu tanıdığını qeyd edib.
Növbəti zərərçəkən Gözəl Sadıqova ifadə verərək bildirdi ki, "Mən iş axtarırdım. Nigar xanım yazdı ki, gəl ofisə. Gəldim dedi səni aşpaz köməkçisi isə götürə bilərəm. Həmin ofisdə xadiməçi işləmişəm, mənim maaşımı da kəsib. Mən 430 manat pul verdim sonra bir ay 300 manat maaş verdi, 2-ci ay maaş vermədi".
Zərərçəkən qismində tanınan Ülviyyə Məhəmmədova ümumiyyətlə ofisdə işləyənlərin heç birinin 2-ci ay maaş almadığını qeyd etdi: "Mən konvertdə pulları sən Toğrul üçün alırdım, hər gün axşamda vətəndaslardan aldığım pulları sənə təhvil verirdim",- deyə Ülviyyə xanım bildirib.
Digər zərərçəkən Samir Bəhramov ifadə verərək qeyd etdi ki, mənə qonşum bir nömrə verdi ki, get, orda səni işlə təmin edəcəklər. Getdim Nərimanov rayonundakı ofisə, Arzu Sultanova ilə görüşdüm. Mənə mexanik işi təklif olundu. Dedilər dənizdə işləmək üçün sertifikat almalısan, 330 manat pul ödədim, göy kitabçaya qol çəkdim. Mənim bu günə kimi pulumu qaytarmayıblar".
Növbəti zərərçəkən Ramin Məmmədov Toğrulu sosial şəbəkədən "Alkoe Group"un rəhbəri kimi tanıyıb: "Mənə məlumat verdi ki, belə bir iş var platformada. Toğrul müəllimin tapşırığı ilə özüm və yoldaşımın yerinə 760 manat pulu Ülviyyə xanıma verdim, kitaba qol çəkdirdilər. Məni mühafizəçi, yoldaşımı isə operator işinə düzəldəcəkdilər".
Zərərçəkən Mehdi Muxtarov bildirdi ki, ofisdə Toğrulun özü ilə görüşüb: "Dedi ki, istəyirsən sertifikatı özün al, istəyirsən mən alım. Sağlamlıq və məhkumluq haqqında arayış alıb gətirib verdim ofisdə Ülviyyə xanıma Toğrul müəllimin tapşırığı ilə, 430 manat da pul ödədim. Ofisə isə məni Təranə Süleymanova dəvət edib".
Zərərçəkən Əflatun Şəmmədov ifadə verərək söylədi ki, 760 manat pulu ofisdə Ülviyyə xanıma sertifikat almaq üçün verdim. Oğluma görə 430 manat, özüm isə elektrik işinə gedəcəkdim, qalan pulu özümə görə vermişdim".
Məhkəmə prosesi noyabr ayının 22-nə kimi təxirə salınıb.
İttiham aktına görə, cinayət işinin başlanmasına əsas və səbəb, Kərimov Toğrul Məmmədrəhim oğlunun özünü "Arif Kalkavan -AKO" MMC-nin rəhbəri kimi təqdim edib həmin şirkətə işə qəbul olunmaları və dənizçilik pasportunun verilməsi müqabilində Nağıyeva Nigar Seyran qızının vasitəsilə 2022-ci ilin may-iyun ayları ərzində Bakı şəhər ərazisində Həsənov Səhnan Arif oğlu, Ağcayev Məmməd Bəxtiyar oğlu, Mustafayeva Aynur Vəli qızı, Məmiyev Elçin Əlizamin oğlu və digərlərindən, hər birindən 300-700 manat olmaqla, ümumilikdə 14 min manata yaxın pulu alaraq dələduzluq yolu ilə ələ keçirməsi olub.
Həmçinin "Tap.az" saytında yerləşdirdiyi iş elanı vasitəsilə ona müraciət etmiş Tağıyeva Aydan Əflan qızına Abşeron rayonu, Xırdalan şəhərində özəl baxçada müəllimə kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq ümumilikdə 1800 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bununla yanaşı "Tik-Tok" sosial şəbəkəsində "Alkoe Group" adlı şirkət tərəfindən işə qəbulla bağlı reklam paylaşaraq icarəyə götürdüyü Nərimanov rayonu ərazisində "Alkoc Group" adlı şirkətin ofisini təşkil edib. 2023-cü ilin avqust ayının əvvəllərindən 2023-cü ilin oktyabr ayının əvvəllərinədək olan müddət ərzində ümumilikdə 36, 575 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş şəxslərə ümumilikdə 52,725 manat ziyan vurmaqla ələ keçirmişdir. Kərimov Toğrul Məmmədrəhim oğlunun ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ödəniş qəbzləri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilib.
Seymur Əli