Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları – Keyfiyyət Təminatı və Monitorinq Mərkəzinin müdiri Könül Ağayeva, Təcrübə və Karyera Mərkəzinin müdiri Xanlar Qəniyev Rusiya Federasiyasına işgüzar səfər ediblər. Səfər çərçivəsində Moskva və Sankt-Peterburq şəhərlərində bir sıra nüfuzlu universitetlərin rəhbərləri ilə görüşlər keçirilib.

"Unikal" xəbər verir ki, Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universiteti, M.V. Lomonosov adına Moskva Dövlət Universiteti, Moskva Dövlət Linqvistika Universiteti, Moskva Dövlət Pedaqoji Universiteti, İnşaat Mühəndislik İnstitutu, G.V. Plexanov adına Rusiya İqtisad Universiteti, Federal Elmi Aqromühəndislik Mərkəzi VIM, Böyük Pyotr adına Politexnik Universitet, Milli Tədqiqat Nüvə Universiteti və digər ali təhsil müəssisələrinin rəhbərləri ilə baş tutan görüşlərdə tərəflər elmi fəaliyyətin təşviqi, tədris proseslərinin müasirləşdirilməsi, akademik və tələbə mobilliyi istiqamətində gələcək əməkdaşlıq imkanlarını geniş müzakirə ediblər. Tərəflər təhsilin beynəlxalq aləmdə inkişaf etdirilməsi üçün qarşılıqlı fəaliyyətin beynəlmiləlləşdirilməsinin, beynəlxalq təcrübənin universitetlərin işində tətbiqi, dünya reytinqlərində iştirak edərkən universitetlərin bir-birinə dəstək göstərilməsini vacibliyini vurğulayıblar. Eyni zamanda, görüşlərdə təhsil və tədqiqat sahəsində birgə layihələrin reallaşdırılması, ixtisaslı kadr hazırlığı və innovativ tədris metodlarının mübadiləsi məsələləri də diqqət mərkəzində olub.  

Bildirək ki, AzMİU-nun Rusiya universitetləri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi Azərbaycanın təhsil sisteminə əhəmiyyətli töhfə verəcək, ölkəmizdə keyfiyyətli ali təhsil səviyyəsinin yüksəldilməsinə şərait yaradacaqdır. Bu əməkdaşlıq həm də gələcəkdə müxtəlif sahələr üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək olacaq və iki ölkə arasında elmi-tədqiqat əlaqələrin inkişafına təkan verəcəkdir.