Noyabrın 13-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev tədbirdə iştirak edən Tokionun qubernatoru Yuriko Koikenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu bildirilib.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə COP29-a hazırlıq işlərinin müvəffəqiyyətlə həyata keçirildiyi, sədrliyimiz çərçivəsində iqlim gündəliyi üzrə bütün tərəflər arasında konsensusa nail olunması istiqamətində nəticəyönümlü səylər göstərildiyi vurğulanıb.

Öz növbəsində, R.Koike COP29-un uğurla təşkil edilməsi münasibətilə təbriklərini çatdırıb və COP29 sədrliyində ölkəmizə uğurlar arzulayıb.

Görüşdə, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib, dövlətimizin başçısı tərəfindən yaşıl enerji zonası elan edilmiş bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiq olunduğu vurğulanıb, Yaponiya ilə bu xüsusda əməkdaşlıq imkanları müzakirə edilib.

Söhbət zamanı Bakı və Tokio şəhərləri arasında əlaqələrin genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Yuriko Koikenə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib.