Bakıda "Məşədi Dadaş" məscidinin axunduna qarşı sui-qəsdə cəhddə təqsirləndirilən Elşən Hüseynovun cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın  məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclas zərərçəkən şəxslərin ifadəsi  ilə davam edib.

Zərərçəkən Rəsul Həsənli - məsciddə xidmətçi vəzifəsində işləyən şəxs hadisənin necə baş verməsini danışıb: "Xidmətdə olduğum zaman Elşən məscidə daxil olaraq Hacı Əli Şərbətovla görüşmək istədiyini və onun qapısını açmağımı istədi. Mən bunun səbəbini soruşduqda isə özünü "on ikinci imam" kimi təqdim edərək içəri girməsini  təkid etdi. Mən Hacının hazırda vaxtının olmamasını deyəndə, o mənim qulağıma və sinəmin aşağısından iki dəfə bıçaqla zərbə vurdu, qanın axdığını gördüm. Bundan sonra o məscidin həyətindən çıxaraq küçədəki marketə doğru qaçdı. Daha sonra oradakı insanlar təcili yardıma və polisə məlumat verdilər".

Zərərçəkən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək sağlamlığına zərər vuran bir şəxsin layiqincə cəzalandırılmasını məhkəmədən xahiş etdi. Daha sonra şahidlərdən  Elmira Əhmədova ifadə verib. Şahid məscidin yanındakı dini mağazada işlədiyini vurğulayaraq bildirib ki, o Rəsulu məscidin yanında qulağından qan axdığını görüb. Daha sonra o həyətdə yerə yıxılıb. Digər bir şəxsin isə məscidin həyətindən söyüş söyə-söyə qaçdığını görüb.

Digər şahid Dəyanət Mehdiyev isə məscidə ibadətə gələrkən qapının ağzında qan damcılarının olduğunu gördüyünü deyib. Qapının ağzında isə Elşən Hüseynovu görərkən, o    "sonuncu peyqəmbərəm" deyərək Dəyanətin ordan təcili uzaqlaşmağını istəyib. Əks təqdirdə isə başının ağrıyacağını deyib. Məhkəmənin növbəti iclası dekabrın 10-na təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.

Elşən Hüseynova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.

Seymur Əli