Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəhbəri Giorgi Kalandarişviliyə qara boya atan müxalifətçi 500 lari (180 dollar) məbləğində cərimələnib.

"Unikal" xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının “Birlik - Milli Hərəkat” koalisiyasından olan üzvü David Kirtadze qəsdən sağlamlığa zərər vurmaqda təqsirli bilinib. Cərimədən əlavə, o, dörd il müddətinə Mərkəzi Seçki Komissiyasının üzvlüyündən də məhrum edilib.

Kirtadze noyabrın 16-da Rusiyayönlü hakim Gürcü Arzusu partiyasının parlament seçkilərində səslərin 54%-ni qazandığını elan etdikdən sonra Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişviliyə boya atıb.