Ötən gün Oğuzda 56 yaşlı qadının sirkə turşusu içərək inithar etməsinin səbəbləri məlum olub. 

"Unikal" xəbər verir  ki, ötən gün Oğuz rayonu Bucaq kənd sakini, 56 yaşlı Leyla Osman qızı Musayeva qan xərçəngindən əziyyət çəkən 70 yaşlı ərini itirmək qoruxusundan özünü öldürüb. Qadının 70 yaşlı əri Eyyub Fərəc oğlu Musayev bir-neçə aydır ki, qan xərçəngindən əziyyət çəkib. Eyyub Musayev Oğuz Rayon Mərkəzi Xəstəxanasında uzun müddət müalicə alıb. Onun vəziyyəti ağır olduğu üçün bir-neçə gün əvvəl xəstəxanadan evə buraxılıb.

Ötən gün həkimlər  Eyyub Musayevi müayinə etmək üçün onun yaşadığı ünvana gəlib və  müayinə zamanı Eyyub Musayevin vəziyyətinin kəskin ağır olduğunu bildiriblər.

Ərinin ölüm ayağında olduğunu bilən Leyla Musayeva intihar etmək məqsədi ilə ailə üzvlərindən xəbərsiz sirkə turşusu içib.

Leyla Musayeva ərini müayinə etmək üçün gələn həkim briqadası tərəfindən dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına  çatdırılsa da, Oğuz RMX-nın reanimasiya şöbəsində dünyasını dəyişib. Leyla Musayevanın qan xərçəngindən əziyyət çəkən əri Eyyub Musayev də elə həmin gün vəfat edib.

Ər-arvad eyni gündə dəfn olunub.

Seymur Əli