Son illərdə kofeinin ürək-damar sağlamlığına təsiri ilə bağlı araşdırmalar böyük maraq doğurur. “Medical News Today” tərəfindən toplanan ən son tədqiqatların icmalı bu mövzuda aktual nəticələri təqdim edir. Qəhvənin faydaları ilə riskləri arasında tarazlıq məsələsi mütəxəssislərin diqqət mərkəzindədir.

"Unikal" xarici mediaya istinadla xəbər verir ki, bir çox araşdırma müntəzəm qəhvə istehlakının damar sağlamlığını dəstəklədiyini və müəyyən xəstəliklərin riskini azaltdığını göstərir.

Sentyabr ayında “Klinik Endokrinologiya və Metabolizm” jurnalında dərc edilən tədqiqat, gündəlik 200-300 mq kofein istehlakının (təxminən 2-3 fincan qəhvə) diabet, koroner ürək xəstəliyi və insult riskini azaltdığını göstərib. Orta miqdarda kofein istehlakı kardiometabolik xəstəliklərin inkişaf riskini 40-48 faiz azaldıb. Kofein insulin həssaslığını artırır və yağ metabolizmasını yaxşılaşdırır.

“Revmatologiya” jurnalında dərc edilən digər bir tədqiqat, qəhvə və kakao kimi kofein mənbələrinin qan damarlarının sağlamlığını yaxşılaşdırmağa kömək edə biləcəyini göstərib. Bu təsir lupus xəstələrində də müşahidə edilib. Kofeinin müsbət təsirləri ilə yanaşı, həddindən artıq istehlak ciddi risklərə səbəb ola bilər.

Avqust ayında Hindistanda keçirilən “ACC Asia 2024” konfransında təqdim olunan bir araşdırma, həftədə ən azı beş gün yüksək miqdarda kofein qəbul edən insanların ürək-damar xəstəlikləri riskinin artdığını göstərib. Gündə 400 mq-dan çox kofein (təxminən dörd fincan qəhvə) qəbul edən insanlarda qan təzyiqi və ürək döyüntülərində artım müşahidə olunub.

Sentyabrda “Journal of Stroke” jurnalında yayımlanan bir tədqiqat, gündə dörd fincandan çox qəhvə istehlakının insult riskini 37 faiz artırdığını göstərib. Orta miqdarda qəhvə istehlakı isə belə bir risklə əlaqəli deyil.

Nəticə etibarilə, qəhvənin ürək sağlamlığı üçün faydalı olub-olmaması onun miqdarından asılıdır. Orta miqdarda kofein istehlakı sağlamlıq üçün müsbət təsirlər göstərsə də, yüksək dozalar riskləri artırır. Təklif olunan miqdar gündə 200-300 mq ilə məhdudlaşmalıdır.