Suriyada Bəşər Əsəd rejimi süqut edib. Bir həftədir prezidentə qarşı çıxan qüvvələr, o cümlədən “Həyat Təhrir əl-Şam” qruplaşması gözlənilmədən və sürətlə genişmiqyaslı hücuma keçərək Hələb şəhərini ələ keçiriblər. Həftə sonu islamçı üsyançılar paytaxt Dəməşqə nəzarəti ələ keçirərək hakimiyyət dəyişikliyini elan ediblər. Əsəd hakimiyyətinin sona çatdığını ölkə ordusunun komandanlığı da zabitlərə açıqlamasında bildirib.
"Unikal" "Reuters"ə istinadən xəbər verir ki, şəhər sakinləri “azadlıq!” şüarları səsləndiriblər. Bəzi ərazilərdə talan başlayıb. Xüsusilə Suriya prezidentini dəstəkləyən bir ölkə olan İranın hökumət məhəlləsi və səfirliyi talan edilib.
Bəşər Əsəd Suriyanı necə tərk etdi?
2000-ci ildən Suriyaya rəhbərlik edən Əsədin ölkəni tərk edərək hara köçməsi ötən gün dünya mediasını zəbt edib. Bəzi KİV-lər, onun təyyarə qəzasında həlak olduğunu yazıb. Göyərtəsində Əsədin ola biləcəyi iddia edilən İl-76 təyyarəsi bazar günü, dekabrın 8-i səhər tezdən Dəməşqdən havaya qalxıb. O, bir neçə dəfə uçuş istiqamətini dəyişib və sonra radar ekranlarından itib. Bu, üsyançıların nəzarətində olan Holms şəhərinin ərazisində baş verib. Bununla belə, prezident təyyarəsinin qəzaya uğraması ilə bağlı versiya ilə yanaşı, başqa bir versiya da var idi - ekipaj sadəcə transponderi söndürə bilərdi, buna görə də İl-76 radarlardan kənarda qalıb.
Rusiya Xarici İşlər Nazirliyi daha sonra Əsədin Suriyanı tərk etdiyini açıqlayıb. Lakin nazirlik prezidentin mümkün ölümünü şərh etməyib.
“B.Əsəd və Suriya Ərəb Respublikası ərazisində silahlı münaqişənin bir sıra iştirakçıları arasında aparılmış danışıqlar nəticəsində o, hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək prezident postunu tərk etmək qərarına gəlib və ölkəni tərk edib. Rusiya bu danışıqlarda iştirak etməyib”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Eyni zamanda Almaniyanın "Bild" nəşri öz mənbələrinə istinadən yazıb ki, Əsəd son anda üsyançılarla razılığa gəlməyə çalışıb. İddialara görə, o, dekabrın 7-də, şənbə günü axşam istefasını rəsmən elan etməyə, daha sonra Rusiyaya uçmağa razılaşıb. Lakin o, heç vaxt açıqlama verməyib.
Bazar günü axşam Suriyanın keçmiş liderinin taleyi daha aydın olub. Rusiyanın TASS xəbər agentliyi Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvada olduğunuyazıb. Rusiyada o və qohumları “humanitar səbəblərə görə” sığınacaq alıblar.
Bəşər Əsəd kimdir və o, hakimiyyətə necə gəlib?
Bəşər hakimiyyətə gəlməzdən əvvəl Londonda tibb təhsili alıb və oftalmologiya üzrə ixtisaslaşıb. Onun böyük qardaşı Basil Hafiz Əsədin gələcək varisi hesab edilirdi, lakin onun avtomobil qəzasında gözlənilməz ölümü siyasi kartları qarışdırdı. Bəşər siyasi karyeraya hazırlaşmaq üçün Suriyaya qayıdıb və 1994-cü ildə hökumət işlərində iştirak etməyə başlayıb.
2000-ci ildə atasının ölümündən sonra Suriyada rəqabətsiz keçirilən prezident seçkilərində Bəşər Əsəd qalib gəlib. O vaxtdan bu günə qədər o, vəzifəsi bəzən qeyri-müəyyən olsa da, hakimiyyətdə qalıb. Onun hakimiyyəti tez-tez avtoritar (xüsusilə Qərbdə) kimi xarakterizə olunur və 2011-ci ildə başlayan daxili münaqişələr və vətəndaş müharibəsi ilə müşayiət olunub.
2010-cu illərin əvvəllərində hökumət əleyhinə etiraz dalğası ərəb ölkələrini bürüyüb və bəzi ştatlarda hakimiyyət dəyişikliyi ilə başa çatıb “Ərəb baharı” adlandırılan bu proses Suriyadan da yan keçməyib. Bu Yaxın Şərq ölkəsində Bəşər Əsədin istefası tələbi ilə mitinqlər 2011-ci ildə başlayıb. Prezident getməkdən imtina edib və etirazları yatırmağa başlayıb. Lakin vəziyyət tezliklə idarəolunmaz hala gəlib və hələ də davam edən tammiqyaslı vətəndaş müharibəsinə çevrilib.
2014-cü ildə bu münaqişə zamanı dövlətin zəifləməsindən istifadə edərək Suriyanın böyük hissəsi İslam Dövləti qrupunun radikal islamçıları tərəfindən tutulub və bir neçə ildən sonra yalnız beynəlxalq qüvvələrin iştirakı ilə ölkədən çıxarılıb. Radikallara Suriya ordusu, müxalif qüvvələr, Qərb, Rusiya və Yaxın Şərq ölkələri müqavimət göstərib.
Bəşər Əsəd hökuməti son illər ərazinin böyük hissəsinə az-çox uğurla nəzarət etsə də, ölkədə təkcə prezidentə deyil, həm də bir-birinə qarşı çıxan müxtəlif qruplar fəaliyyətini davam etdirirdı. Onların bəzilərini Türkiyə, bəzilərini İran, bəzilərini "Hizbullah" və s. dəstəkləyir.
Əsəd-Putin dostluğu...
Vətəndaş müharibəsi zamanı Bəşər Əsəd dəfələrlə Moskvaya gələrək prezident Vladimir Putinlə görüşüb. Əsədin vətəndaş müharibəsi başlayandan bəri Moskvaya ilk geniş şəkildə ictimaiyyətə açıqlanan səfəri 2023-cü ildə baş verib. Daha sonra Putin rusları “Suriyanın əsl dostları” adlandırıb. Buna cavab olaraq Əsəd Moskvanın Ukraynadakı hərəkətlərini dəstəklədiyini bəyan edib.
“Bu, mənim Ukraynada xüsusi əməliyyat başlayandan sonra ilk səfərimdir. Bir daha demək istərdim - biz sizin neonasistlərə və köhnə nasistlərə qarşı mübarizənizi tam dəstəkləyirik. Mən “köhnə” nasistlərdən danışıram, çünki Qərb onları həmişə bizim torpaqlarımızda qəbul edib və indi də onlara kömək etməkdə davam edir”, - deyə Suriya lideri bildirib.
Əsədin Putinlə son görüşü 2024-cü ilin iyulunda Moskvada baş tutub, liderlər Yaxın Şərqdəki vəziyyəti və iqtisadi əlaqələri müzakirə ediblər. Noyabrın sonunda Suriyada vəziyyətin kəskin şəkildə gərginləşməsindən sonra Əsədin yenidən Rusiya paytaxtına uçması ilə bağlı şayiələr yayılıb. Lakin o zaman Kreml bunu təkzib etmişdi.
Gülayə Mecid