Yəmənin husiləri (Ənsar Allah hərəkatı) Təl-Əviv yaxınlığındakı hərbi obyektə hipersonik ballistik raketlə hücum edib.
"Unikal" xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.
“Yəmən silahlı qüvvələrinin raket qüvvələri işğal olunmuş Yaffa bölgəsində İsrailin düşmən hərbi obyektinə “Fələstin-2” hipersəs ballistik raketi ilə hücum edərək hərbi əməliyyat keçirib", - deyə o bildirib.
Bazar ertəsi İsrailin bir neçə mərkəzi bölgəsində hava hücumu sirenləri səslənib. İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, hərbçilər Yəməndən raket buraxılışını qeydə aldıqdan sonra həyəcan təbili çalıb. Daha sonra onlar dəqiqləşdiriblər ki, raket İsrail ərazisinə çatmamış ələ keçirilib.