Bütün dünyada psixi sağlamlıq problemləri pandemiya həddinə çatıb.
"Unikal" xəbər verir ki, Financial Times (FT) bu mövzu ilə bağlı çoxsaylı araşdırmaları təhlil edərək bu qənaətə gəlib.
Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, depressiya və artan narahatlıq səbəbindən hər il 12 milyard iş günü itirilir. Qlobal iqtisadiyyata dəyən zərər 1 trilyon dollar qiymətləndirilir.
Psixi sağlamlığın pisləşməsi tendensiyası COVID-19 pandemiyası ilə daha da güclənib: 2020-2021-ci illərdə dünyada depressiya halları 25% artıb. ÜST-nin qeyd etdiyi kimi, bu günə qədər dünya 2019-cu ilin səviyyəsinə qayıtmayıb. Araşdırmalara görə, psixi sağlamlıq problemləri biznesdə, ilk növbədə maliyyə və sığorta sahəsində çalışan insanlar arasında xüsusilə kəskindir.
Mütəxəssislər xəbərdarlıq edir ki, şirkətlər işçilərinin psixi sağlamlığına daha çox sərmayə qoymalı və onlarla məsələ ilə bağlı açıq danışmalıdırlar. Bu problemin susdurulmadığı şirkətlərdə işçilər dəstək hiss edir, daha səmərəli işləyir və iş yerini tərk etmirlər və məhsuldarlıq artır. Oksford Universitetinin alimləri isə “işçilərin psixofiziki vəziyyəti ilə şirkət performansı arasında güclü müsbət əlaqə olduğunu” sübut ediblər.
Gülayə Mecid