"Sea Breeze Construction" MMC-dən külli miqdarda oğurluq edən 6 nəfərin məhkəməsi başlayıb.
"Unikal"ın məlumatına görə, oğurluq edən şəxslər MMC-nin mühafizəçiləri olub. Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilib. İlk olaraq təqsirləndirilən şəxslər-İlyasov Pərviz Etiram oğlu, Səfərli Arzuman Kamil oğlu, Allahverdiyev Qabil Xanmirzə oğlu, Məsimov Kamil Zöhrab oğlu, Qasımov Rəşad Malik oğlu və Mikayılov Kənan Zakir oğlu kanvoy vasitəsilə məhkəmə zalına gətirilib.
Təqsirləndirilən şəxslərdən birinin vəkili prosesdə iştirak etmədiyindən hakim məhkəmə prosesini 28 dekabr tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, oğurluq hadisəsi bu ilin avqust ayında "Sea Breeze Construction" MMC-nin anbarında baş verib. Belə ki, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "Sea Breeze"də mühafizəçi işləyən Pərviz İlyasov Arzuman Səfərli ilə əvvəldən əlbir olaraq tikinti sahəsində yerləşən anbardan televizorlar oğurlamağı planlaşdırıblar. Bu məqsədlə bu ilin 12 avqust tarixində anbarda mühafizəçi işləyən Kənan Mikayılov və Qabil Allahverdiyevlə danışıqlara gedərək əraziyə yaxşı bələd olan Rəşad Qasımovu da bu işə cəlb ediblər. Bundan sonra plana uyğun olaraq Kənan Mikayılov anbarın qapısını açıb və ora gələn elektrik naqillərinin xətdən ayırıb ki, müşahidə kameralarının çəkilişi dayansın.
Sonra anbarın jalüz qapılarını açaraq əvvəldən planlaşdırdıqları kimi Rəşad Qasımovun taksi kimi tutduğu İlqar İslamovun idarə etdiyi yük avtomobilinə 27 ədəd televizoru cinayətdən xəbərsiz olan fəhlələr Etibar Hüseynov və Ramil Abdullayev vasitəsilə yükləyiblər. Bununla da 24 min 150 manat dəyərində olmaqla xeyli miqdarda ziyan vurublar.
Təkrarən 18 avqusta tarixində eyni formada oğurluq edərək ümumilikdə 63 ədəd 57113 manat dəyərində televizorları oğurlayıb "Sea Breeze Construction" MMC-yə külli miqdarda ziyan vurublar.
Beləliklə, dəstə üzvləri şirkətə 81363 manat ziyan vurmaqla oğurluq cinayəti törədiblər.
Onlara qarşı oğurluq maddəsinin müxtəlif bəndləri ilə Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Seymur Əli