Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən Əliyeva Səbinə Sabir qızı, Məmmədova Kəmalə Məmməd qızı və Nəsibova Səbinə Ravil qızının məhkəmə prosesinin növbəti baxış iclası keçirilib.
"Unikal"ın məlumatına görə, hakim Rasim Sadıxov sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Səbinə Nəsibova ifadə verərək Səbinə Əliyeva Duty Free-də iş yoldaşı olduğunu bildirdi: " Səbinə ilə Türkiyəyə getmişdik. Mən xəstəliyimlə bağlı gedib-gəlirdim. Söhbət əsnasında bunu Kəmaləyə demişdim. O da dedi qızıl var, onu Bakıya aparmaq lazımdır. Biz də dedik, gömrük bəyannaməsi olmaq şərti ilə apara bilərəm. Ancaq bizə hörmət edəcəksən. Sonra kuryer vasitəsilə qızılı bizə çatdırdılar. Səhərisi, yəni mayın 11-də biz İstanbul şəhərindən Bakıya uçduq. Qızıl rəngli selofanda idi. Gəlib aeroportdan keçdik, mən qırmızı kanaldan keçdim. Səbinə paltarını dəyişəndə gömrüyün kondrabanda şöbəsinin işçiləri gəldi dedilər sizdə qanunsuz qızıl var. Biz hələ həmin vaxt neytralda idik, mağazanın qarşında dayanmışdıq. Bizə dedilər siz üzərinizdə normadan artıq qızıl gətirmisiz. Sahil adlı şəxsə gəlincə, o karqo şirkətində işləyir. Mənim evdə 30 min manat pulum var idi. Gömrük bəyannaməsindən keçirmək üçün təxminən 20 min manat pul lazım idi. Mən neytralda Səbinəyə dedim ki, "qızıl qalsın səndə, gedim evdən pulu götürüm gətirim rüsumu ödəyim". Kəmalə mənə demişdi ki, sən elə, mən sənə rüsumdan artıq 5 min manat hörmət edəcəm. Kəmalə mənə nə versəydi Səbinə ilə bu pulu böləcəkdim. Həmin vaxt mənim öz qızıllarım da çantada üstümdə idi. Kəmalənin hardasa 600 qram qızılı var idi. Qalanı mənim və Səbinənin idi".
Məhkəmə prosesi 14 yanvar tarixinə kimi təxirə düşüb.
İttiham aktına görə, Kəmalə Məmmədova Səbinə Nəsibova və Səbinə Əliyeva vasitəsilə dəyəri 101 min manat olan 600 qramdan çox qızıl-zinyət əşyalarını qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək istəyib. Belə "Duty Free"nin əməkdaşı Səbinə Nəsibova Kəmalə Məmmədovanın Türkiyədən verdiyi qızıl-zinyət əşyalarını qanunsuz yolla Heydər Əliyeva adına olan hava limanının gömrük keçid məntəqəsindən keçirərək Kəmalənin adamına ötürməli olub. Ancaq alınmayıb və qızıllar Səbinə Əliyevanın gizlətdiyi dolabda aşkar olunub.
Qeyd edək ki, hər üç qadın barəsində ibtidai istintaq dövründə "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.
Xatırladaq ki, cinayət işində zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsi tanınıb.
Seymur Əli