Parisdə məhkəmə Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə qarşı yeni işə baxmağa başlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Bu, Sarkoziyə qarşı üçüncü iddiadır. Məhkəmə onu təqsirli bilsə, keçmiş prezidenti 10 ilə qədər həbs, həmçinin 375 min avro cərimə və 5 ilə qədər mülki hüquqlardan məhrumetmə cəzası gözləyir.

Yanvarda 70 yaşı tamam olan Sarkozi məhkəməyə gəlsə də, ictimaiyyətə heç bir açıqlama verməyib. 

Sabiq dövlət başçısı 2007-ci ildə prezidentlik kampaniyasını qanunsuz maliyyələşdirməkdə ittiham olunur. Müstəntiqlərin fikrincə, 2005-ci ildə Sarkozi ilə Qəddafi arasında “korrupsiya müqaviləsi” bağlanıb. Bu sövdələşmə nəticəsində keçmiş prezidentin seçki qərargahı 50 milyon avro əldə edib.

Fransa mətbuatı Sarkoziyə qarşı bu işi “Liviya işi” adlandırır. Məhkəmə iclasları aprelin 10-dək davam edəcək.

Xatırladaq ki, Nikola Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub. O, məhkəmə tərəfindən real həbs cəzası alan ilk keçmiş Fransa prezidentidir. 

2021-ci ilin martında Paris məhkəməsi ona korrupsiya və nüfuz alveri ittihamı ilə iki il şərti və bir il həbs cəzası verib. Sonra Sarkozi və vəkili prokuror Gilbert Azibertdən başqa bir işin - "L'Oreal"ın qurucusu Liliane Bettancourtun qızı tərəfindən 2007-ci il prezidentlik kampaniyasının qanunsuz maliyyələşdirilməsinin araşdırılması ilə bağlı məlumat almağa cəhd etməkdə təqsirli bilindilər.

Bir ay əvvəl isə Fransa Kassasiya Məhkəməsi bu hökmü qüvvədə saxlamışdı. Bu qərara görə, Fransanın keçmiş prezidenti elektron qolbaq taxmalı və bir ili ev dustaqlığında keçirməli olacaq.

Sarkozi həmçinin 2021-ci ilin sentyabrında təqsirli bilinib. Məhkəmə onu partiyasının 2012-ci ildə yenidən seçilməsinin əsl xərclərini gizlətmək üçün "Bygmalion PR" firması ilə əməkdaşlıq etdiyi ittihamı ilə bir il məhdudlaşdırılmış azadlıq və altı ay sınaq müddətinə məhkum etdi. Bu hökmdən hazırda apellyasiya şikayəti verilir.

Sarkozi ona qarşı qaldırılan bütün işlərdə hər hansı qanun pozuntusunu rədd edib. 

Ağarza Elçinoğlu