Göygöl rayonunda 9-cu sinif şagirdinin xəsarət alması barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Unikal"a verilən məlumata görə, Göygöl rayon Mollacəlilli kənd tam orta məktəbin 9-cu sinif şagirdi həmin məktəbin digər 9-cu sinif şagirdinə məktəbdənkənar ərazidə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. 
Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 
Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik.

***17:00

Göygöldə 16 yaşlı oğlanı bıçaqlayan şəxs tutulub.

"Unikal"ın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən Ə. Teymurov saxlanılıb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Qeyd edək ki, hadisə məktəbdən kənarda baş verib.

*** 16:38

Göygöl sakini bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Mollacəlilli kəndində baş verib. Kənd sakini 2009-cu il təvəllüdlü Ə.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetməni yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, Ə.Məmmədov sinif yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov