Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın XİN başçısı Jan-Noel Barroya cavab verib.
"Unikal" xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sözçüsü sosial şəbəkədə bildirib.
“Fransanın xarici işlər naziri Jan-Noel Barronun Azərbaycanı xarici ərazilərin işlərinə qarışmaqda ittiham edən şərhi Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdidir.
Məhz Fransa həmişə regional məsələlərə qarışmış və Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışmışdır”, – o qeyd edib.
Mətbuat katibinin sözlərinə görə, “Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkə siyasətini və xarici ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı hədəfləyir”: “Bu cür qrupların işini gözdən salmaq cəhdləri dekolonizasiya prosesini zəiflədir”.
“Keçən il güc tətbiqi nəticəsində azı 14 nəfərin öldüyü və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə, Azərbaycana qarşı şantaj Fransanın xarici siyasət strategiyasının nə qədər əhəmiyyətsiz olduğunu nümayiş etdirir.
Bundan əlavə, Fransanın müxtəlif beynəlxalq təşkilatlardakı rol və resurslarından neomüstəmləkə siyasətinə qarşı təbliğat aparmağı hədəfləyən beynəlxalq QHT müdafiəçilərinə təzyiq göstərmək üçün sui-istifadə etməsi mənasızdır və heç bir nəticə verməyəcək.
Fransa xarici işlər nazirinin anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edir və pisləyirik”, – o vurğulayıb.