Cənubi Koreya prokurorluğu Prezident Yun Sok Yolu ölkədə qiyam təşkilində ittiham edir.

"Unikal" xəbər verir ki, prokurorluq rəsmi ittiham aktını hərbi vəziyyətin tətbiqi ilə əlaqədar qiyam təşkili şübhəsi ilə başlanmış təhqiqat çərçivəsində yanvarın 15-də saxlanılmış Prezidentin həbsinin sonuncu günündə - yanvarın 26-da axşam saatlarında elan edib. Qanunlara görə saxlanma müddətində şəxsə qarşı ittiham aktı elan olunmazsa, o, sərbəst buraxılmalıdır. Məhkəmə prokurorluğun Prezidentin saxlanma müddətini uzatmaq haqqındakı 2 vəsatətini təmin etməyib. Prokurorluq Korrupsiyaya Qarşı Mübarizədə İdarəsinin başlatdığı təhqiqatla tanış olduqdan sonra kifayət qədər dəlil olduğu üçün Prezidentə qarşı rəsmi ittiham elan edib. Bu, Cənubi Koreya tarixində vəzifədə olan prezidentin ilk dəfə cinayətə görə ittiham olunmasıdır.

Qeyd edək ki, Prezident Yun Sok Yol dekabrın 3-də elan etdiyi hərbi vəziyyətlə əlaqədar başlanmış istintaq çərçivəsində yanvarın 15-də saxlanılıb. Prezident Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaqı apardığı müddətdə suallara cavab verməkdən imtina edib. O, həbsini və istintaqı qanunsuz hesab edir. İstintaq qrupu onu həm də vəzifə səlahiyyətlərini aşaraq, hərbi vəziyyət elanına qarşı qətnamə qəbul etmək istəyən parlamentin işini pozmaq üçün Milli Assambleyaya hərbçiləri göndərməkdə şübhəli bilir.

Yun Sok Yol həm də prezidentliyi dövründə həbs olunan ilk şəxs kimi Cənubi Koreya tarixinə düşüb. Onun haqqında parlamentin impiçment qərarı var və o, hazırda səlahiyyətlərini icra etməsə də, Konstitusiya Məhkəməsi hələ impiçmentə dair yekun qərar verməyib. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi 180 gün ərzində parlamentin impiçment qərarına baxaraq ya təsdiqləməli, ya da rədd etməlidir. Artıq yanvarın 14-də Konstitusiya Məhkəməsi impiçment məsələsi ilə əlaqədar prosesə başlayıb və indiyədək 4 iclas keçirilib. Məhkəmə impiçmenti təsdiqləsə, 60 gün ərzində növbədənkənar prezident seçkisi keçirilməlidir.