Bakının Sabunçu rayonunda 20 yaşlı gənci öldürməkdə təqsirləndirilən Elcan Süleymanovun hazırlıq iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib.
Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı üçün onun hüquqi varisi qismində anası tanınıb.
Məhkəmənin baxış iclası fevralın 10-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 2-də səhər saatlarında paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində baş verib. Belə ki, 2008-ci il təvəllüdlü Elcan Süleymanov 2004-cü il təvəllüdlü Xəyal Nağıyevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Seymur Əli