Qazaxıstanın “Taraz” tankeri Kaşaqan nefti ilə Aktau limanından Bakıya yola düşüb.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstanın “KazMunayQaz” milli şirkətinin mətbuat xidməti məlumat yayıb.
Tədarük “KazMunayQaz” şirkətlər qrupu tərəfindən ölkə başçısının yerli karbohidrogenlərin ixracının alternativ istiqamətlərinin işlənib hazırlanması ilə bağlı tapşırıqlarının icrası çərçivəsində həyata keçirilir.
Daha sonra neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri sistemi ilə Aralıq dənizinə nəql olunacaq: "Bu addım Transxəzər beynəlxalq nəqliyyat marşrutunun daha da inkişafına töhfə verir".
Qeyd edək ki, 2022-ci ildə “KazMunayQaz” ilə Azərbaycanın SOCAR dövlət neft şirkəti arasında Qazaxıstan neftinin tranziti üzrə saziş imzalanıb.
2024-cü ilin martında KMG və SOCAR arasında Azərbaycan Respublikası ərazisindən neft tranzitinin mərhələli şəkildə artırılması haqqında saziş bağlanıb. Sənəd tədarük həcminin ildə 2,2 milyon tona qədər artırılmasını nəzərdə tutur.
Ağarza Elçinoğlu