Bakıda klinikada ölüm hadisəsi baş verib.

"Unikal" Musavat.com-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Süleymanov Ceyhun Akif oğlu yanvarın 21-də müalicə aldığı “Medilife” klinikasında dünyasını dəyişib.

Belə ki, C.Süleymanov yanvarın 21-də ilk olaraq Bakıxanov qəsəbəsində yerləşən “Stimul” klinikasına hidrokolonoterapiya (bağırsaq yuyulması) üçün müraciət edib. Müraciətinin səbəbi mədə-bağırsağında olan problemlə bağlı olub. “Stimul” klinikasında narkoz həkimi olmadığı üçün onu “Medilife” klinikasına yönləndiriblər. Bu klinikada həkim Ləman Xasıyeva tərəfindən bağırsağı yuyulan C.Süleymanov bir neçə saat sonra dünyasını dəyişib.

İlkin məlumata görə, mərhumun ailəsinə Ceyhun Süleymanovun ölümü ilə bağlı ətraflı informasiya verilməsə də, onun təzyiqinin qalxdığı deyilib. 

Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb.

Məsələ haqda klinikadan bildirilib ki, hazırda tibb müəssisəsində suallara cavab verəcək məsul şəxs yoxdur.

Qeyd edək ki, C.Süleymanov ailəli olub, 2 övladı var idi.