“An-2” təyyarəsi fırtınalı hava şəraitində Qazaxıstanın Kostanay əyalətinin Arkalık şəhərindən 1,5 kilometr aralıda sərt eniş edib. Hadisə Kostanay–Arkalık reysini həyata keçirərkən yerli hava limanı yaxınlığında baş verib.

"Unikal" Qazaxıstan FHN-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, təyyarənin göyərtəsində iki pilot və iki həkim olub. Siqnal alandan sonra Kostanay əyalətinin Fövqəladə Hallar Departamentinin yanğınsöndürənləri və xilasediciləri dərhal hadisə yerinə göndəriliblər.

Xilasedicilərin operativ və dəqiq hərəkətləri sayəsində ekipaj üzvlərinin hamısı tez bir zamanda aşkar edilərək, Arkalık şəhərinə çatdırılıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.