Fevralın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi, mayor Emin Süleymanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə şəhidin ailə üzvləri və döyüş yoldaşları, şəhid ailələri, zabitlər, ziyalılar, kitabxana əməkdaşları və digər qonaqlar iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhid Emin Süleymanovun həyat və şərəfli döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edənlər şəhidin qəhrəmanlığından danışıblar. Bildiriblər ki, Azərbaycan tarixinin ən şanlı səhifəsində yer alan şəhidlərimiz gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.

Bədii hissədə şəhid Emin Süleymanova həsr olunan musiqilər ifa  edilib, haqqında nəşr edilən "Qutsal yolçu" adlı kitabın təqdimatı keçirilib.