Avstriyada 29 sentyabr 2024-cü ildə keçirilən parlament seçkilərindən sonra hökumət böhranı davam edir.
"Unikal" xəbər verir ki, Avstriya Azadlıq Partiyasının (FPÖ) rəhbəri Herbert Kikl fevralın 12-də dövlət başçısı Aleksander Van der Belleni məlumatlandıraraq hökuməti qurmaq üçün ona verilmiş mandatdan imtina edib. Bununla da sağçı və mərkəzçi qüvvələr arasında gözlənilən koalisiya danışıqları iflasa uğrayıb.
Qeyd edək ki, 5 yanvar tarixində dövlət başçısı seçkilərdə 28,8% səslə qalib gələn sağçı radikal FPÖ-yə hökuməti formalaşdırmaq üçün mandat vermişdi. Partiya bu məqsədlə Avstriya Xalq Partiyası (ÖVP) ilə danışıqlara başlamışdı.
Bundan əvvəl, seçkilərdə 26,2% səs toplayaraq ikinci olan mərkəzçi-mühafizəkar ÖVP, Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və Yeni Avstriya və Liberal Forum (NEOS) ilə bir neçə ay davam edən danışıqlar aparmış, lakin yeni ilin əvvəlində tərəflər arasındakı fikir ayrılıqları səbəbindən bu cəhd uğursuzluqla nəticələnmişdi.