Azərbaycanda plastik əməliyyata girən kişilərin sayı artır
02:50 12-04-2012
CƏMİYYƏT
Azərbaycanda plastik əməliyyata girən kişilərin sayı artır
Qadınları anladıq, bəs "güclü cins"in gözəlləşmək istəməsinə səbəb nədir?
"Güzgüyə baxırdım və özümü bəyənmirdim". Həmsöhbətim 18 yaşlı Minarə Məmmədova belə deyir.
Ona elə gəlirmiş ki, burnu çox uzundur. Buna görə də 17 yaşında qəti qərar verib. Təbiət ona qarşı xəsislik edibsə, o da istədiyi buruna həkimlərin köməyilə sahib olacaq: "Həm rahat nəfəs ala bilmirdim, həm də ki, komplekslərim vardı. Ona görə də əməliyyata üz tutdum. İnsan həyatında elə şeylər olur. Güzgüyə baxırsan və üzün özünə xoş gəlmir. Onda da əməliyyata üz tutursan".
Əməliyyatdan sonra Minarə tamam dəyişdiyini və güzgüdə özünə baxmaqdan zövq aldığını deyir: "Özümü daha rahat və əmin hiss edirəm".
3000 min manata burun əməliyyatı
Azərbaycandakı plastik cərrahlara inansaq, pasiyentlərin çoxu burunlarını əməliyyat etdirmək üçün müraciət edirlər. Estetik, Plastik və Rekonsturktiv Cərrahlar Cəmiyyətinin üzvü, "Funda" Tibb Mərkəzinin həkimi Camal Əzimzadə də bu fikirdədir. Deyir ki, müraciət edənlərin çoxu rinoplastika - burun formasını dəyişmək üçün gəlirlər.
- Qafqazlıların əbədi problemi?
- Ümumiyyətlə tək bizdə yox, dünya miqyasında ən çox burun əməliyyatı üçün müraciət edirlər.
- Ən az təhlükəlisi də yəqin budur?
- Yox, elə demək olmaz, əməliyyatdır. Ağrısı da olur, fəsadı da. Bilinmir ki, bədən üzərində müdaxilə hansı fəsada, nöqsana gətirə bilər.
- Dediniz ki, burun əməliyyatı üçün müraciət edənlər birinci yerdədirlər. Bəs başqa hansı əməliyyatlara üstünlük verirlər?
- Burundan sonra bədəndən piy xaric edilməsi, üzdə əməliyyatların sayı 2-3-cü yerdədir. Süd vəzilərinin böyüdülməsi və axır vaxtlar sağrıların böyüdülməsinin sayı artıb.
"Klinika hansı qiyməti qoyursa..."
Camal Əzimzadədən soruşuruq ki:
- - Bu əməliyyatlar neçəyə başa gəlir?
- Burun əməliyyatı 850 manatdan başlayır. Baxır kim necə edir. Bizdə 1000-1200 manatdır. Başqasında 1500 manatdır, elə klinika var 3000 manatdır.
- Bu nədən asılıdır?
- Heç nədən. Klinika hansı qiyməti qoyursa... Pasiyent razılaşa da bilər, razılaşmaya da.
- Süd vəzilərinin əməliyyatını neçəyə aparırsız?
- Orta qiymət 2500 manatdır.
Başqa bir klinikada - "Xətai"də burun əməliyyatları, süd vəzilərində dəyişiklik 1500 manatdan başlayır. Göz ətrafındakı qırışları yığışdırmaq 800-1000, bədəndən artıq yağların götürülməsi 1500 manata başa gəlir. Abdominoplastikanın qiyməti isə 2000 manatdan başlayır.
Abdominoplastika və ya qarın plastikası bədən korreksiyasının bir üsuludur.
"Adam daxilən cavanlaşır"
Yaşı 40-a çatan Nərminə də bu əməliyyatdan keçib. Deyir ki, onu cərrah bıçağı altına itələyən ikinci övladının dünyaya gəlişindən sonra kökəlməsi olub. İndiki görkəmindən məmnun qalan Nərminə Sədrəddinova özünü 20 yaşlı qız kimi hiss etdiyini söyləyir. Bu əməliyyata təxminən 3000 manat xərcləyib. Dediyinə görə, Rusiyada qiymətlər daha bahadır. Burdasa həkim ona endirim edib:
- Doğuş "fartuku" yaranmışdı, onu götürdü həkim.
- Onu başqa yolla götürə bilərdizmi? Məsələn, idmanla, pəhrizlə?
- Mən 8 ilə yaxındır idmanla məşğulam. Aerobika, masaj... Amma onu yığmaq mümkün deyildi. Bir də məsələ əməliyyatla bitmir. Əməliyyatdan sonra qarına piy yığılmasa da, başqa yerlər kökələ bilər. Ona görə daim idmanla məşğul olmalısan.
- Bu əməliyyatdan sonra həyatınızda nəsə dəyişdimi?
- Əlbəttə! Çox. Daxili cavanlaşma gedir adamda. Paltar geyirsən, onun duruşu xoşuna gəlir. Əvvəlki cavan görkəmi alırsan.
- Başqa əməliyyat aparmaq istəməmisiz?
- Çox. Bu əməliyyatın xüsusiyyəti odur ki, yenə də dəyişiklik istəyirsən. Kaş mən o vaxt 2 əməliyyat etdirəydim.
Günə 2-3 əməliyyat
Bakıda plastik əməliyyat aparan klinika və mərkəzlərin sayı getdikcə artır. Təxmini hesablamalar zamanı 20-dən artıq klinikada belə əməliyyat keçirildiyi məlum olur. Bəziləri mətbuata açıq deyil. Bu klinikalardan yerli mütəxəssislərə üstünlük verən də var, xaricdən cərrah dəvət edən də.
Söhbət etdiyimiz xanımlar yerli cərrahlara üz tutsalar da, bəzən məhkəməyə üz tutan pasiyentlər də az olmur. Cərrah Camal Əzimzadə bunu gizlətmir də.
- Sizdən narazı pasiyentlər olubmu?
- Şübhəsiz. Bu, normadır. İstər Azərbaycanda, istər xaricdə bu, normal sayılır. Bir var texniki səhv olsun, bir də var bədənin özündən yaranmış fəsad. Texniki səhvdirsə, həkim düzəldir.
Camal Əzimzadə son illər Azərbaycanda plastik əməliyyata gedənlərin sayının artdığını deyir. Artıq kişilərin də qadınlar qədər görkəmlərinin qeydinə qaldıqlarını deyir: "Şübhəsiz, kişilərin sayı artıb. Amma qadınların sayı yenə də çoxdur...".
Cərrahlar plastik əməliyyatların sayının artdığını deməkdə haqlıdır ya yox, deyə bilmərəm. Amma gün ərzində zəng etdiyim bir çox cərrahların əməliyyatda olduğunu eşitdim. Klinikaların birindən dedilər ki, gündə 2-3 plastik əməliyyat keçirilir.
Kim deyir ki, zorla gözəllik olmur? Pulun varsa, olurmuş...
Şahnaz Bəylərqızı
Digər Xəbərlər
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10
2024-12-23 13:01:36
2024-12-23 12:49:46
2024-12-23 12:44:53
2024-12-23 12:44:40
2024-12-23 12:33:48
2024-12-23 12:27:41
2024-12-23 12:08:00
2024-12-23 12:06:46
2024-12-23 12:04:25
2024-12-23 12:02:50
2024-12-23 11:59:10
2024-12-23 11:48:54
2024-12-23 11:22:47