Sabah Almaniyada 61-ci Münxen Təhlükəsizlik Konfransı öz işinə başlayır. Konfrans çərçivəsində 200-ə yaxın rəsmi tədbir keçiriləcək.
Qlobal idarəetmə, demokratik davamlılıq, iqlim təhlükəsizliyi və bir çox başqa mövzular daxil olmaqla qlobal təhlükəsizlik çağırışlarına diqqət yetiriləcək, beynəlxalq asayişin vəziyyəti, eləcə də regional münaqişələr və böhranlar ətrafında müzakirələr aparılacaq.
Transatlantik tərəfdaşlığın gələcəyi də konfransın ikinci gününün diqqət mərkəzində olacaq. Bazar günü konfrans Avropanın dünyada roluna dair müzakirələrlə yekunlaşacaq.
Qeyd edək ki, konfransda Cənubi Qafqaz ölkələrinin liderlərinin də iştirak edəcəyi gözlənilir. Hər üç ölkənin lideri əvvəlki konfranslarda dəvət edilənlər arasında olub.
Bu il də tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Gürcüstan Baş naziri İrakli Kobaxidzenin iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, ötən il keçirilən Münxen Təhlükəsizlik Konfransı zamanı Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.
Bu il keçiriləcək konfrans zamanı da belə bir görüşün keçirilməsi ehtimal olunur.
Bəs görəsən, İlham Əliyevlə Nikol Paşinyan arasında hansı məsələlər müzakirə edilə bilər?
Mövzu ilə bağlı "Unikal"a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycan və Ermənistan liderləri arasında belə bir görüşə çox böyük ehtiyac var:
"Sülh prosesi xeyli irəliləyib. İndi isə kiçik bir təkan lazımdır. Həmçinin, başqa niyyəti olmayan, bu cür, Münxen Təhlükəsizlik Konfransı kimi beynəlxalq təşkilatlardakı vasitəçilər lazımdır ki, prosesi son məqsədinə doğru aparsınlar.
Zənnimcə, tərəflər arasında kifayət qədər məsafə qət edilib. Sülh müqaviləsinin imzalanması üçün elə də bir şey qalmayıb. Müəyyən məsələlər var idi ki, tərəflər arasında fikir ayrılıqları mövcud idi. Həmin məsələlərin əksəriyyətini aradan qaldırdılar", - deyə o qeyd edib.
Q.Hüseynli əlavə edib ki, Münxen sazişində aparılacaq danışıqların sülh prosesinə sonuncu vacib təkanı verəcəyi qənaətindədir:
"Bununla yanaşı, bəzi məsələlər də müzakirə olunacaq. Bunlardan biri ATƏT-in sülhyaratma missiyasıdır. Azərbaycan da, Ermənistan da bundan imtina etdi.
Bir sıra məsələlər var idi ki, hər iki tərəf beynəlxalq məhkəmələrə şikayət etmişdi. Yəqin ki, sülh müqaviləsi imzalansa, hər iki tərəf həmin şikayətləri geri götürəcək. Bir sözlə, sülh sazişinin imzalanması üçün az sayda məsələlər qalıb, onlar da öz həllini tapmaq üzrədir".
Murad İbrahimli