“Azərbaycanla Çin arasında münasibətlər uğurla inkişaf edir. Dövlətimizin xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin genişləndirilməsi mühüm yer tutur”.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Çinin CGTN  televiziya kanalına müsahibəsində dövlətimizin başçısı İlham Əliyev Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək dəyərləndirib. Dövlət başçısının dediyi kimi, Çin və Azərbaycan dost, strateji tərəfdaş ölkələrdir. Hər iki ölkənin rəhbərləri arasında çox yaxşı münasibətlər var.

Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında dostluq münasibətləri ölkələrimizin qarşılıqlı əlaqələrinin güclənməsində müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, ötən il Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş Şanxay Əməkdaşıq Təşkilatının sammiti çərçivəsində dövlət başçılarımızın görüşü zamanı strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə Bəyannamə qəbul edilib. Bu sənəd Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir.

Millət vəkilinin sözlərinə görə, Çinin irəli sürdüyü   “Bir kəmər, bir yol” layihəsi indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox önəmli təşəbbüsdür. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu. Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Ələt Limanının yükdaşıma qabiliyyəti 15 milyon tondur və bu göstəricinin 25 milyon tona qədər artırılması nəzərdə tutulur. “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. Eləcə də, Zəngəzur dəhlizi reallaşandan sonra bu layihənin önəmi daha da artacaq. Cənab Prezidentin müsahibədə dediyi kimi, Çinin qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır. Bu baxımdan, Azərbaycanın bu ölkə ilə iqtisadi münasibətlərinin böyük əhəmiyyəti var.

“Bütövlükdə, Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi Çinin “böyük dostu” adlandırıb. Bütün bunlar göstərir ki, ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsi çox yüksəkdir. Eləcə də, iqtisadi-ticarət münasibətləri də qənaətbəxşdir. Bundan başqa, Çin COP29-un ölkəmizdə keçirilməsini də yüksək səviyyədə dəstəkləyən dövlətlər sırasında olub. Çin Xalq Respublikasının da böyük nümayəndə heyəti ilə iştirakı ölkəmizin iqlim dəyişiklikləri ilə qlobal mübarizədə mövqeyinin göstəricisi olmaqla yanaşı, Azərbaycana olan isti münasibətinin ifadəsidir. Bu münasibətlər beynəlxalq platformalar çərçivəsində də uğurludur. Hər iki ölkə beynəlxalq müstəvidə bir-birinin ərazi bütövlüyünü dəstəkləyib və bu gün də dəstəkləyir”,- deyə Samir Vəliyev vurğulayıb.