Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya Cənubi Qafqazda kommunikasiyaların blokdan çıxarılmasına dair Rusiya və İran arasında yanaşmaların fərqliliyi ilə bağlı sual verilib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Rusiya XİN-in diplomatı suala cavabında bildirib ki, Rusiya və İranın Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına yanaşmaları əsasən oxşardır: "Bu, bu il yanvarın 17-də Moskvada İranla imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişində tam təsdiq olunub". 

Onun sözlərinə görə, yeganə fərq odur ki, Rusiya Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupunun üzvüdür: "Məhz üçtərəfli işçi qrupunda kommunikasiyaların blokdan çıxarılmasının əsas prinsipinə nail olunub. Bu, dövlətlərin öz ərazisindən keçən marşrutlar üzərində suverenliyinin və yurisdiksiyasının qorunmasından ibarətdir". 

Diplomat həmçinin qeyd edib ki, hazırda qrupda iş erməni tərəfinin mövqeyinə görə dondurulub: "Biz tam əməkdaşlığı bərpa etməyə hazır olduğumuzu təsdiq edirik". 

Ağarza Elçinoğlu