Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan nümayəndəliyi və Gebze Organize Sanayi Bölgesi (GOSB) Texnoparkının rəhbər heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub. 

"Unikal" xəbər verir ki, BMU-nun professor-müəllim heyətinin iştirak etdiyi görüşdə rektor Yaqub Piriyev universitetin fəaliyyəti, müasir laboratoriyaları, həmçinin son illər həyata keçirilən mühüm yeniliklərlə bağlı qonaqlara ətraflı məlumat verib.

Görüşdə MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli, GOSB Texnoparkının  baş direktoru professor Murat Çemberci  və başqaları çıxış edərək sahibkarlıq ekosisteminin inkişafı, eyni zamanda BMU ilə əməkdaşlığın mümkün istiqamətlərinə dair fikirlərini bölüşüblər.

Universitet-sənaye iş birliyi yönündə əməkdaşlığın artırılması ilə bağlı geniş fikir mübadiləsinin aparıldığı görüşdə texnoparkların əhəmiyyətindən bəhs olunub. Bununla yanaşı, BMU Texnoparkı haqqında da ətraflı məlumat verilib, habelə Abşeron rayonunda həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələr çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.