Azərbaycan Respublikasının Ali Məhkəməsi əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərə münasibətdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Bu barədə "Unikal"a Ali Məhkəmədən məlumat verilib.
İşin hallarına görə, işçi (iddiaçı) poliklinikaların birində həkim-mütəxəssis vəzifəsində işləyib. Poliklinikanın 17.05.2022-ci il tarixli əmri ilə iddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin «f» bəndinə (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara yol verməsi) göstərilən hallar nəzərə alınmaqla, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən işdən azad edilib. Həmçinin işin halları ilə müəyyən olunur ki, iddiaçı barəsində cinayət təqibi başlanıb, sonra onun əməlində cinayət tərkibinin əlamətləri olmadığı müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati protokol tərtib olunub. Protokola mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi onun barəsində üç ay müddətinə inzibati həbs tətbiq edib. O, həbs olunduğu tarixdən etibarən işə çıxmayıb, əmək funksiyalarını yerinə yetirməyib, onun həbs olunması müəyyən olunduğu andan isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərək, tutduğu vəzifədən azad edilib. İddiaçı məhkəməyə müraciət edərək, işdən çıxarılmasına əsas olan əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş edib.
Birinci instansiya məhkəməsi iddiaçının şikayətini təmin edərək, mövqeyini belə əsaslandırıb ki, iddiaçının himayəsində 1-ci dərəcə əlil olan anası olduğundan əmr ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Sonra cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini qismən təmin edib. Daha sonra cavabdeh kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Kassasiya instansiya məhkəməsinin mövqeyi:
İşçinin iş yerində inzibati xətanın əlamətləri olan hərəkətlər etməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur. Misal olaraq fərz edək ki, işçi 5 ay və ondan artıq olan müddətdə işə gələrək vəzifələrini yerinə yetirmir və ya əmək funksiyalarını yerinə yetirdiyi müəssisəyə əhəmiyyətli dərəcədə zərər vurur (hətta onu yandırır), digər cinayət, inzibati xətanın əlamətləri olan hərəkətə yol verir, təqsirli olduğu sübuta yetirilir və nəticədə o, məhkum edilir və ya inzibati tənbeh tətbiq edilir. Bu halların baş verməsi və sübut olması vəziyyətində işçinin Əmək Məcəlləsinin 79-cu maddəsinə istinadla qoruma altında olmasına əsaslanaraq işəgötürənə onunla əmək münasibətlərinə son verilməsini qadağan etmək, işçinin hüquqlarından sui-istifadəsinə əhəmiyyətli şərait yaradaraq belə halların təkrar baş verməsi hallarına rəvac verir, nəticədə işəgötürənin mənafeyinə əhəmiyyətli dərəcədə zərər vurur, ümumiyyətlə əmək və iş şəraitinin pozulmasına şərait yaratmış olur ki, bu da mövcud hüquq münasibətlərində bərabər olmayan bir mühit yaranması ilə nəticələnir.
Baxılan iş üzrə isə iddiaçının iş yerində qanunla qadağan olunan hallara yol verməsinin (Ona müraciət edən şəxslərin etibarından sui-istifadə etməklə aldatma yolu ilə pulun ələ keçirilməsi), əlilliyi müəyyən edilmiş ailə üzvünə qulluq etməsi ilə hər hansı bağlılığı yoxdur. Belə olan halda isə apelyasiya instansiya məhkəməsinin iddiaçını qoruma altında olan şəxs kimi qiymətləndirərək onun iddiasını qismən təmin edərək əvvəlki vəzifəsinə bərpa edilməsinə dair mövqeyi bu qərarın əsaslandırıcı hissəsində istinad olunanlar baxımından ədalətli və qanuni hesab edilə bilməz.
Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan anaya qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır. İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur.
İşçinin iş yerində inzibati xətanın əlamətləri olan hərəkətlər etməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur. İşçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən kobud pozuntulara yol verməsi vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. Lakin bu zaman baş vermiş hadisə ilə qoruma altına alınmış hallar arasında səbəbli əlaqənin mövcudluğu mütləq müəyyən olunmalıdır. Belə səbəbli əlaqənin mövcudluğunun sübut edilməməsi halında Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad edilməklə işəgötürənin hüquqlarının məhdudlaşdırılması əmək münasibətlərində bərabər olmayan mühit yaratmış olur. Belə olan halda isə apellyasiya instansiyası məhkəməsinin iddiaçını qoruma altında olan şəxs kimi qiymətləndirərək onun iddiasını qismən təmin edərək əvvəlki vəzifəsinə bərpa edilməsinə dair mövqeyi bu qərarın əsaslandırıcı hissəsində istinad olunanlar baxımından ədalətli və qanuni hesab edilə bilməz.
Bir normanın tətbiqi digər normanın tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni, Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziya dəyməsi ilə nəticələnən hərəkətlərə yol verilməsi zamanı 70-ci maddənin “ç” bəndinin tətbiqi məhdudlaşdırıla bilməz.
Bu baxımdan Ali Məhkəmənin Mülki kollegiyasının qərarı ilə kassasiya şikayəti təmin edilib. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunub, iş üzrə yeni qərar çıxarılıb.