Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyaya səfəri çərçivəsində Berlin şəhərində fəaliyyət göstərən Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evini ziyarət edib. 

"Unikal" xəbər verir ki, Mədəniyyət Evinin fəaliyyəti ilə yaxından tanış olan komitə sədri Azərbaycan həftəsonu məktəbindəki dərs prosesində iştirak edib, məktəbin müəllim heyəti və şagirdlərlə söhbətləşib, tədris prosesi ilə bağlı müzakirə aparıb. 

Hazırda 100-dən çox azərbaycanlı uşağın təhsil aldığı həftəsonu məktəbinin fəaliyyətini yüksək qiymətləndirən sədr bir daha xatırladıb ki, xaricdə yaşayan azərbaycanlı uşaqların ana dilini öyrənməsi Prezident İlham Əliyevin Azərbaycan diasporuna mühüm tövsiyələrindən biridir.

Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliouri bildirib ki: “Son zamanlar Mədəniyyət Evinə gələn azərbaycanlı uşaqların sayı daha da artıb, əldə olunan nəticələr ürəkaçandır. Mədəniyyət Evində həftəsonu məktəbi ilə bərabər, müxtəlif dərnəklər də fəaliyyət göstərir. Gələcəkdə buranı Azərbaycan məktəbinə çevirmək və bununla da azərbaycanlı uşaqların orta məktəb sertifikatı almalarına şərait yaratmaq niyyətindəyik”. 

Görüşdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev də iştirak edib. 

Xatırladaq ki, bu gün dünyanın müxtəlif ölkələrində 30 Azərbaycan Evi və 100-dən çox həftəsonu Azərbaycan məktəbi fəaliyyət göstərir.