Martın 3-də Qazaxıstanın D.Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universitetinin rektoru, dosent Saule Raxmetullinanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

"Unikal" xəbər verir ki, ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qonaqları salamlayaraq onlara universitetin tarixi, beynəlxalq əlaqələri, elmi nailiyyətləri, buradakı tədris və təhsil prosesi haqqında məlumat verib. O, Qazaxıstan ali təhsil müəssisələri, o cümlədən Şərqi Qazaxıstan Texniki Universiteti ilə əməkdaşlığın ADNSU üçün maraq kəsb etdiyini bildirib. 
Qazaxıstanın D.Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universitetinin rektoru, dosent Saule Raxmetullina ADNSU məzunlaları, eyni zamanda bu universitetin uğurları haqqında məlumatlı oluqlarını deyib və səmimi qarışlanmaya görə təşəkkürünü ifadə edib.
İkitərəfli əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edən tərəflər tələbə-müəllim mübadiləsi, elmi-tədqiqat, təcrübə proqramları sahəsində faydalı olacaq layihələrdən bəhs ediblər. 
Sonra qonaqlar ADNSU-nun laboratoryaları, Tarix və Mineralogiya muzeyləri, Azərbaycan-Türkiyə Dostluq Mərkəzi ilə tanış olub, universitetdəki tədris və təhsil şəraitini yüksək qiymətləndiriblər.