Təhlükəli musiqi dinləmə vərdişlərinə görə hazırda 1 milyarddan çox gənc eşitmə itkisi riski altındadır.
"Unikal" xəbər verir ki,bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəliyinin rəhbəri Batır Berdiklıçev Ümumdünya Eşitmə Gününə həsr olunmuş mətbuat konfransında deyib.
"1 milyarddan çox gəncin təhlükəli dinləmə vərdişləri səbəbindən eşitmə itkisi riski ilə üzləşməsi çox narahatlıq doğurur və bunun qarşısını düzgün davranışla almaq olar", - deyə o bildirib.
ÜST-nin Rusiya Federasiyasındakı ofisinin rəhbəri qeyd edib ki, 2050-ci ilə qədər demək olar ki, 2,5 milyard insan bu və ya digər dərəcədə eşitmə itkisindən əziyyət çəkəcək və ən azı 700 milyon insan eşitmə qüsuruna görə reabilitasiyaya ehtiyac duyacaq. Berdiklıçev onu da əlavə edib ki, bu gün dünya əhalisinin təxminən 5%-i eşitmə itkisindən əziyyət çəkir və bu, əlilliyə səbəb olur.
"Uşaqlarda eşitmə itkisinin 60%-i qarşısı alına bilən səbəblərdən qaynaqlanır və bu, eşitmə itkisinin gələcəyini dəyişdirmək üçün böyük bir fürsətdir. Eşitmə xəstəliklərinin 60% -dən çoxu ilkin səviyyədə müalicə edilə bilər, buna görə də ilkin səhiyyə xidmətinin əlçatanlıq səviyyəsini artırmaq lazımdır", - deyə ÜST nümayəndəsi bildirib.