Vətən sevgisi ilə qorxmadan döyüş meydanlarına atılan, Qarabağ Zəfərində öz payı olan, hazırda ABŞ-nin Kaliforniya ştatında yaşayan və fəaliyyət göstərən həmyerlimiz, hərbi jurnalist Gülbəniz xanıma həsr olunan “Ölümün gözünə dik baxan Gülbəniz Arif qızı ilə görüş” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, bu görüşə 1991-1996-cı illərdə cəbhə bölgələrinin ən qaynar nöqtələrindən, birbaşa səngərlərdən hazırladığı yazıların qəhrəmanları, polkovniklər, iki dəfə "Azərbaycan bayrağı" ordenli Şair Ramaldanov, Üzeyir Cəfərov, birinci və ikinci Qarabağ savaşının iştirakçılarından olan qazilər Adil Quliyev, Taleh Əhmədov və Elçin Rəfiyev, OMON-çulardan Aydın İsayev, İlqar İbrahimov, İlqar Hüseynov, Elçin İmanov, rota komandiri İlham Ağalarov, Rasim Əbilov, Tanrıverdi, müharibədən çəkilmiş minlərlə fotonun müəllifi Nurəhməd Vəliyev, batalyonun həkimi Səməd Məmmədov, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə, Bisella Şirkətinin rəhbəri qazi Babək Qoca, əməkdar jurnalistlər Zemfira Məhərrəmli, Səmsiyyə Kərimova, Milli Mədəniyyətin Təbliği ictimai birliyinin sədri Jalə Cəfərova, yazıçı Hüsniyyə Hüseynova, "Azərbaycan" qəzetinin müxbiri Elşən Qəniyev, qəhrəmanlarımızı təbliğ edən vətənpərvər İlhamə xanım Nahid Əhmədova və Savalan, media nümayəndələri iştirak etdilər.

Tədbirdə ilk öncə Niderlandda yaşayan həmyerlimiz Yasənən Qaranın Gülbəniz xanıma yazdığı “Bugünkü görüşün mübarək, bacım” şeri dinlənildi, sonra onun döyüş yolunu əks etdirən “Sərhədsiz Vətən sevgisi” adlı video süjet və şair Əlisəfa Quliyevin “Gülbəniz” şeri əsasında foto-slayd nümayiş etdirildi. Burada Gülbəniz Arifqızının döyüşçülərdən götürdüyü müsahibələr və fotolar təqdim olundu. Gülbəniz xanımın “Müharibənin yolları ürəyimdən keçir” və “Əsirlikdə qalan kəndim” adlı kitablarından geniş danışıldı.

Tale onun yolunu uzaq Amerikaya tuş gətirdi. Orada yaşadığı bu illərdə Vətəni, döyüşçü yoldaşlarını unutmadı. Amerikada televiziya proqramı açdı. Azərbaycanın tanıdılması istiqamətində xeyli iş gördü. Amerika-Azərbaycan Dərnəyi təşkil etdi. Oradakı həmyerlilərimizi ətrafına topladı. Vətənimizin müsbət yöndə tanıdılması və Azərbaycan həqiqətlərinin yayılmasında böyük əmək sərf etdi. Əməyi, fəaliyyəti yetərincə mükafatlandırıldı. Diplomlar, Fəxri Fərmanlar, Təşəkkürnamələr, BMT-nin xoşməramlı səfiri, Qızıl qələm, Türkiyə-Amerika Cəmiyyətinin "İlin fəal hərbi yazarı", "İlin vətənpərvər jurnalisti" adları ilə təltig edildi.

Sonda Azərbaycana bu dəfəki gəlişində səhhətində bir az nasazlıqlar olsa da sevdiyi və qürur duyduğu döyüşçü qardaşları, dostları ilə görüşə sevə-sevə gəldiyini xüsusi ilə vurğuladı.  Gülbəniz xanım bu görüşün onun həyatında böyük bir iz buraxdığını, onu çox sevindirdiyini, bu günü ona yaşatdıqları üçün tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.