Ermənistanın Qərblə münasibətləri İran üçün təhlükə yarada bilməz.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İran Dövlət Televiziyasına müsahibəsində deyib.

“Bizim digər ölkələrlə münasibətlərimizdə İran üçün heç bir təhlükə yoxdur və mən əminəm ki, İranın üçüncü ölkələrlə münasibətlərində Ermənistan üçün təhlükə yoxdur”, - deyə erməni baş nazir qeyd edib. 

Paşinyan bildirib ki, iki ölkə arasında münasibətlər təbii maraqlara əsaslanır və strateji məntiqə uyğun inkişaf edir.

O vurğulayıb ki, Ermənistan İranın maraqlarına həssasdır. Ermənistan hakimiyyətinin qərbyönlü mövqeyinin İranla münasibətlərə mane olub-olmaması ilə bağlı suala Paşinyan cavab verib ki, İrəvan balanslaşdırılmış və ədalətli xarici siyasət yürüdür. O, rəhbərlik etdiyi illərdə Ermənistan-İran münasibətlərinin dinamikasının əvvəlki illərdən heç də aşağı olmadığını, üstəlik, yaxşılaşdığını vurğulayıb.

Eyni zamanda, Paşinyan qeyd edib ki, 2018-ci ildən sonra İrəvan region ölkələri ilə bağlı siyasətə böyük diqqət yetirməklə yanaşı, Aİ ilə fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, Ermənistan hökuməti bu ölkələrin hər birinə hörmətlə yanaşır.

"Amma regional müxtəliflik təkcə Qərblə deyil, Şərqlə də inteqrasiya imkanı yaradır. Biz şərti Şərqlə münasibətlərimizin zəifləməsini istəmirik, əksinə, onları dərinləşdirmək istəyirik. Bu kontekstdə İranla əlaqələr çox vacibdir. Biz İslam dünyası ilə də əlaqələrimizi dərinləşdirmək istəyirik", - deyə o qeyd edib.

İran Qərb tərəfindən təhdid olunarsa, Ermənistanın necə hərəkət edəcəyi ilə bağlı suala cavab olaraq Paşinyan bildirib ki, İrəvan İslam Respublikasına qarşı yönəlmiş hərəkətlərdə iştirak etməyəcək. Onun sözlərinə görə, məhz təbii maraqlara əsaslanan əməkdaşlıq "bizi bir-birimizin maraqlarına həssas edir. İranın inkişafı və təhlükəsizliyi bizim üçün son dərəcə vacibdir".

Ermənistan və ABŞ arasında bu yaxınlarda imzalanmış strateji əməkdaşlıq müqaviləsi və onun həyata keçirilməsi imkanlarına gəlincə, Paşinyan bu sənədin həm qonşular, həm də region ölkələri üçün niyyətlərin şəffaflığını nümayiş etdirmək baxımından ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb.

“Ümid edirik ki, bu razılaşma həyata keçiriləcək və regionda nəinki təhlükələr artmayacaq, həm də imkanlar önə çəkiləcək”, - deyə o bildirib.

Jurnalistin “ABŞ, bir qayda olaraq, öhdəliklərini yerinə yetirmir” fikrinə cavab olaraq, Paşinyan cavab verib ki, İrəvan həmişə regional maraqları nəzərə alır və bundan sonra da bu prinsipi rəhbər tutacaq.

Nuranə Abbasova