İki həftəlik fasilədən sonra bu gün yenidən prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, gündəmdə hökumətin “Terrorsuz Türkiyə” kimi xarakterizə etdiyi proses olacaq.

PKK-nın İmralıdan gələn çağırışa atəşkəslə cavab verməsi və bu çağırışın ictimai əks-sədaları kabinetdə müzakirə olunacaq.İclasda terror təşkilatının tərksilah prosesi, bu prosesin monitorinqi və mümkün hüquqi tənzimləmələr müzakirə olunacaq.

Nazirlər Kabineti iqtisadiyyatdakı hadisələri də qiymətləndirəcək. Ramazan ayında artan qiymətlərlə mübarizə üçün addımlar atılacaq. İnflyasiyanın gedişi və bu sahədə atılacaq yeni addımlar barədə ətraflı məlumat veriləcəyi gözlənilir.

Xarici siyasətdə ən önəmli mövzu isə Suriyadır. Son günlər devrilmiş lider Əsədin tərəfdarları ilə toqquşmalar davam edir.

Nazirlər Kabinetinin Qəzzada atəşkəs prosesini də hərtərəfli qiymətləndirməsi gözlənilir.

Nazirlər Kabinetinin iclasından sonra Ərdoğan iclasda alınan qərarlarla bağlı çıxış edəcək.

Ağarza Elçinoğlu