Nazirlər Kabineti “Müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi Qaydası”nı təsdiqləyib.
"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Bu Qayda Rəqabət Məcəlləsinə əsasən hazırlanıb. Onun məqsədləri üçün Herfindal-Hirşman İndeksindən istifadə olunur. Bu indeks müvafiq bazarın məhsul və coğrafi sərhədləri çərçivəsində fəaliyyət göstərən bütün təsərrüfat subyektlərinin bazar paylarının kvadratlarının cəmi olaraq hesablanan və ya cəminin 100-ə bölünməsi ilə faiz şəklində hesablanan bazar təmərküzləşməsi göstəricisidir.
Bu Qaydada istifadə olunan digər anlayışlar Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir. Müvafiq bazarın ilk növbədə məhsul sərhədləri, daha sonra isə coğrafi sərhədləri müəyyən edilir. Müvafiq bazarın məhsul sərhədləri tələb və ya təklif əvəzediciliyi üsulları ilə müəyyən edilir. Müvafiq məhsul bazarının müəyyən edilməsində tələb əvəzediciliyi üsulu təklif əvəzediciliyi üsuluna nəzərən daha üstün hesab edilir. Tələb əvəzediciliyi üsuluna əsasən qiymətləndirmə aparmaq mümkün olmadıqda, təklif əvəzediciliyi üsulundan istifadə edilir.